"Qarabağ" möcüzə sorağında! YAZI

12:20 - 18 Sentyabr 2014

Qrup mərhələsi başlayır

 

Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk oyunları start götürür. Azərbaycanı bu mötəbər turnirdə Ağdamın “Qarabağ” klubu təmsil edir. Ağdam klubunun qrup mərhələsində işi heç də asan olmayacaq. Çünki turnirin qrup mərhələsində Ağdam klubunun rəqibləri adlı-sanlı İtaliya “divi” Milan “İnter”i, Fransanın köklü klublarından “Sent-Etyen” və Ukraynanın güclü “Dnepr” klubları olacaq.

 

Qrup mərhələsində rəqiblərimizin büdcəsinə baxsaq, aradakı dispersiyanın fərqinə vararıq. Transfermarkt.com saytına istinadən deyə bilərik ki, “İnter” klubunun büdcəsi 225.10 mln, “Sent-Etyen”in 83.35 mln, “Dnepr”in 81.70 mln, “Qarabağ”ın isə 10.77 mln avrodur. Amma başqa bir nüansı diqqətinizə çatdırım. Qrup mərhələsinin püşkatma mərasimindən əvvəl özüm üçün ən arzuolunmaz və ən münasib rəqiblərdən ibarət iki qrup hazırlamışdım. Ən münasib rəqiblər “Kopenhagen”, “Panatinaikos”, “Surix”, ən arzuolunmaz rəqiblər isə “Napoli”, “Volfsburg”, “Everton” ola bilərdi. Nə isə... Hansısa qrupa baxıb heyfslənmək, başqa qrupa baxıb şükr etmək zamanı deyil. Çıxıb oynamaq lazımdır. Ən azı Qarabağın adına görə, evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə görə meydana çıxacaq hər bir oyunçu bunun fərqinə varmalı və buna görə də, meydanda can qoymalıdır. Əvəzində azarkeşlər isə hesab nə olursa olsun, komandanı 90 dəqiqə ərzində dəstəkləməli və oyundan çıxan hər bir oyunçumuzu ayaq üstə alqışlamalıdır.

 

Azarkeşlər yalnız layiqli oyun gözləyir. Digər mərhələyə çıxmaq onsuz da möcüzə olardı. Amma burda “Beşiktaş”klubunun baş məşqçisi Slaven Biliçin bir ifadəsi yadıma düşdü “Arsenal”ı məğlub etmək kimi xəyalımız var, xəyalımızı gerçəkləşdirmək üçün planlarımız da var”. “Qarabağ”nəticə əldə etmək istəyirsə, hər oyuna son oyun kimi çıxmalı, sərbəst futbol oynamalıdır. “Qarabağ”klubunun qrup mərhələsində üstün olduğu məqamlar da var. Elə,götürək qrup oyunlarının ardıcıllığını. Qrup mərhələsindən əvvəl Qurban müəllimdən soruşmaq imkanımız olsaydı,əminəm ki, qrupun aşkar favoriti ilə son oyunu Bakıda, qrup ikinciliyi üçün oynayacaq komandalardan biri ilə ilk oyunu Bakıda keçirməyi arzulayardı. “Qarabağ”ımızdan başqa Milan “İnter”ini dəstəkləməliyik. Dua edək ki, Bakıdakı son oyunadək İnter qrup birinciliyini təmin etmiş olsun. İlk oyunda “Qarabağ”ın qələbəsi oyunçularda əlavə motivasiya və özünəinam yaradacaq.

 

Keçək sırf sabahki oyunla bağlı analizlərimizə. Lehimizə olan məqamlardan biri qazonun ideal vəziyyətdə olmasıdır. “Qarabağ”ın oyun tərzinə stadionun ot örtüyünün vəziyyəti birbaşa təsir edir. İkinci məqam hava şəraiti olardı ki, hava buludlu olsun, nəm dərəcəsi az və küləyin surəti oyuna təsir etməyəcək dərəcədə az olsun. Təbii yağıntı arzuolunmaz olardı. Üçüncü məqam “Qarabağ”ınPremyer Liqanınson oyununda layiqli qələbə qazanması oyunçular üzərində təyziqi azaltmasıdır. Dördüncüsü,“Sent-Etyen”heç də onlar üçün yaxın olmayan Bakıya səfər edir. Ölkələr arasındakı saat fərqi də bəzən oyunda öz sözünü deyir. Oyuna optimal heyətləhazırlaşmağımız, zədəli və ya cəzalıların olmaması da sevindirici hallardandır.

 

Elnur AZƏRİSOY

Xəbər xətti