"Yenə də ümidimizi itirməyək və komandamıza hər şəraitdə dəstək olaq"
Qələbə üçün o qədər nəzir demişəm ki… Bu gün “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk oyununa çıxacaq. Rəqib Fransanın sanballı komandalarından hesab edilən “Sent-Etyen”dir.
“Qarabağ” qalib gələ, bizi sevindirə biləcəkmi? Komandamız qrup mərhələsini keçə biləcəkmi? Əslində, əksəriyyət “Sent-Etyen”lə oyunda qələbəyə inanır. Tələbələr arasında keçirdiyimiz sorğu da bunu deməyə əsas verir. Sorğuda iştirak edən 42 tələbədən 31-i komandamızın meydanı qələbə ilə tərk edəcəyini, 6-ı isə qarşılaşmanın heç-heçə başa çatacağını bildirdi. Qalan 5 nəfər isə qonaqların daha güclü və təcrübəli olduğunu əsas gətirərək “Sent-Etyen”in qalib gələcəyini söylədi. “Qarabağ”ın qrupdan çıxacağına inanmayanların sayı isə inananlardan çox oldu. 26 tələbə komandamızın qrupda qalacağını, 16 nəfər isə mübarizəni davam etdirəcəyini dedi.Maraqlı olacağını nəzərə alaraq tələbələrin bir neçəsinin fikrini təqdim edirik.
Nigar Səmədli (BDU): "Şansları çox az qiymətləndirirəm. “Qarabağ” indiyədək bir neçə dəfə “play-off” mərhələsində dayanıb. Fikrimcə, qrup mərhələsində də elə olacaq. Son oyunlarda məğlub olub qrupu keçə bilməyəcəklər".
Gülcan Hüseynova (Anadolu Universiteti): "Fikrimcə, "Qarabağ" qrupda yalnız bir oyun udacaq. O da uda bilsə. Bizim çempionat üçün yaxşı komandadır, amma Avropa Liqasında heyəti milyon dollarlar olan komandalar var".
Günay Hüseynli (Xəzər Universiteti):"Qarabağ"ın kifayət qədər səviyyəli futbolçuları var. Düşünürəm ki, heç olmasa, ev oyunlarında azarkeşləri sevindirə biləcəklər. Səfərdə də azı bir qələbə qazanılsa, qrup mərhələsini adlayan tərəf olacaq".
Əminə İlyaslı (BDU):"Qarabağ"ın qrupda qarşılaşacağı komandalar qarşısında nə qədər şansı olduğunu ürək edib deyə bilmərəm. Lakin yenə də ümidimizi itirməyək və komandamıza hər şəraitdə dəstək olaq".
Almaz Akif (BDU):"Düşünürsünüz ki, kuboku götürəcək? Hələ ki, bu real deyil. Qrupdan da çıxa bilməyəcək. Çünki hələ bunlara hazır komanda deyil. İştirak edirlər, hələlik bəsimizdir".
Mehman Bağışzadə (Xəzər Universiteti):"Qarabağ"ın potensialına bələd bir azarkeşi olaraq onu deyə bilərəm ki, ağdamlılar göstərdiyi oyunla qrupdan çıxmağa layiqdirlər. Çoxları gözləməsə də mən "Sent-Etyen" və "İnter"dən xallar "Dnepr"dən isə ən azı 1 xal alaraq qrupdan ukraynalıların ardından ikinci olaraq çıxacağına inanıram".
Şamil İsmayılov (Azərbaycan Dillər Universiteti):"Qrupda ən zəif biz hesab edilsək də, "Zalsburq", "Tvente" oyunlarından sonra qrupda olan favoritlər bizlə ehtiyatlı oynamağa üstünlük verəcəklər. Səfərdə oynadığımız son iki oyunları qrup oyunların da ortaya qoya bilsək, ən azından ikinciliklə kifayətlənmək mümkündür".
Kamran Məhərrəmov (Azərbaycan Dövlət Mədənıyyət və İncəsənət Unıversiteti):"Qarabağ" bu qurpda 2-cı yer tuta bilər. Əgər daha da əzmkar mübarizə aparsa, “Sent-Etyen”i paytaxtda məğlub edib, səfərdə bərabərə qala bilər. Fikrimcə, "İnter"lə də eyni ssenarinin təkrarlanması mümkündür. Amma "Dnepr"lə hər iki oyunda mütləq qələbə qazanılmalıyıq".
Orxan İbrahimov (Xəzər Universiteti):"Bu "Qarabağ”ın son illərdəki göstəridiyi ən yaddaqalan uğurlarından biridir. “Tvente” kimi bir komandanı aciz qoyan komandamız qrupdakı rəqibləri də bu vəziyyətə salmağa qadirdir. İnanıram ki, qrupda ən azı 2-ci olacağiq”.
Elnur Əliyev (BDU):“Qarabağ”dan Avropa Liqasında çempionluq gözləyirəm. Elə olmasa, Qurban Qurbanovdan inciyəcəm. Çünki qələbə üçün o qədər nəzir demişəm ki”.
İlkin SULTANLI, “Het-trik news”
saytlarin hazirlanmasi