Del Pyero, Anelka, Pires, Trezege, Yunberq və başqaları
Bir dəfə milli komandanın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlama vermişdi ki, Azərbaycanda ən məşhur idman növü şahmatdır. Heç şübhə etmirəm ki, PFL prezidenti Ramin Musayev həmin açıqlamanı oxuyanda Foqtsun bütün əzizlərini, yaxınlarını “yad” eləmişdi. Camaat nə qədər futbolumuzun durumundan narazı olsa da, millimizin seçmə və klublarımızın Avrokubok oyunlarında həmişə stadionlarda qələbəlik hökm sürür.
Ramin Musayev hər imkanda keçirtdiyi çempionatı tərifləməkdən yorulmur. Səviyyəsi aşağı olsa da, adam arasına çıxarılacaq bir-iki klubun olması Musayevə danışmağa mövzu verir. Müqayisə üçün, Ramin müəllimə daha bir çempionat barədə məlumat vermək istəyirəm.
Bizə çox uzaq olan, uzaq olduqca da, gözümüzə zəif görünən Hindistanın da futbol çempionatı var. Onların çempionatı həqiqətən də bizimkindən zəifdir. Amma...
İlk növbədə onu deyim ki, Hindistanda ən məşhur idman növü kriketdir. Futbola isə maraq çox azdır. Hindistan Futbol Liqasında 14 komanda çıxış edir. Çempionat dekabrda başlayır və may ayında sona çatır. Bir sözlə, diqqəti cəlb edəsi heç nə yoxdur.
Ancaq Hindistanda mövcud durumla barışmaq istəmirlər. Və futbolun məşhurlaşması üçün yeni bir layihə həyata keçirmək qərarına gəliblər. Bu ilin oktyabr ayında ik Hindistan Superliqası baş tutacaq. Çempionat oktyabrda başlayacaq, dekabrda isə sona çatacaq. 8 komandanın iştirak edəcəyi çempionat iki dövrəli sistem üzrə keçiriləcək. Ən yaxşı nəticə göstərən 4 komanda çempionluq uğrunda mübarizəni davam etdirəcək.
Superliqanın şərtlərinə görə, hər komandanın heyətində bir ulduz futbolçu olmalıdır. Artıq Del Pyero, Nikola Anelka, David Trezege, Rober Pires, Freddi Yunberq kimi məşhur futbolçular Hindistana üz tutublar. Hətta klub çalışdırıcıları arasında da tanınmış isimlərə rast gəlmək olar. Misal üçün, “Qoa” klubunun baş məşqçisi məşhur braziliyalı mütəxəssis Artur Zikodur.
Məhz bu layihə hesabına artıq bütün dünyanın gözü Hindistandadır. Ramin müəllim, siz də belə bir layihə həyata keçirə bilərsinizmi? Misal üçün, biz də şərt qoyaq ki, hər klubda bir ulduz futbolçu çıxış etməlidir!.
Emin ABBASOV
P.S. AFFA-nın baş katibi Elxan Məmmədov da Hindistandan nümunə götürməlidir. “Mançester Yunayted”in Bakıda futbol məktəbi açmasını hadisəyə çevirməyə gərək yoxdur. Hindistanda artıq neçə müddətdir ki, həm “Mançester Yunayted”in, həm də “Liverpul”un futbol akademiyaları fəaliyyət göstərir.
saytlarin hazirlanmasi