Bu da Foqts üçün fiziki hazırlıq: "Qarabağ"ın yerli futbolçuları fransızlara güc göstərdilər QEYD

14:00 - 19 Sentyabr 2014

İki mütəxəssis arasındakı fərq

 

Milli komandanın Bolqarıstana məğlub olmasından sonra baş məşqçi Berti Foqts futbolçuların fiziki hazırlığından şikayət etmişdi. Alman mütəxəssis klublarımızı fiziki hazırlığa lazımı səviyyədə diqqət yetirməməkdə suçlamışdı.

 

Maraqlıdır ki, Bolqarıstana qarşı ilk onbirlikdə beş nəfər xarici çempionatlarda çıxış edənlər idi. Qalan altı nəfərdən biri qapıçı Kamran Ağayev, digərləri Rauf Əliyev və Ruslan Abışov idi. Daha üç nəfər isə “Qarabağ”lılar olub.

 

Millinin oyununda ən çox qınanılan da müdafiə xətti idi ki, bu mövqe də “Qarabağ”lılara əmanət idi.

 

Düzü, Foqtsun konkret kimə söz atdığı bilinməsə də, onun Qurban Qurbanova qısqanclıqla yanaşdığı heç kimə sirr deyil.

 

Dünən “Qarabağ”ın oyunu daha bir həqiqəti üzə çıxardı. 90 dəqiqə fransızlardan daha hazırlıqlı görünən “Qarabağ”ın yerli futbolçuları nümayiş etdirdikləri oyunla göz oxşadılar.

 

Mərkəzdə keçilməz Rəşad-Bədavi cütlüyü, sağda mükəmməl formada olan Maksim Medvedev. Orta sahədə rəqiblərə göz açmağa imkan verməyən Qara Qarayev isə hətta Almeyda və Çumbinyo kimi futbolçulardan da yaxşı oyun sərgilədi.

 

Fərq onda idi ki, bu futbolçular taktiki cəhətdən savadsız Foqtsun yox, müasir futbolu əla qavrayan Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirirdilər. Hər kəs bilirdi ki, meydanda harada olmalı və nə iş görməlidir.

 

Millidə isə bu yoxdur axı. Berti Foqts 6 ildir millini çalışdırır, hələ də heç kim müəyyən edə bimir ki, milli hansı futbol oynayır: yaradıcı, dağıdıcı, toplu, atletik və ya bir başqa?   

 

Emin ABBASOV

Xəbər xətti