"Partizan"la ilk oyunda düzgün müdafiə olunsaydıq, 2 top üstünlüyünü əldən verməzdik" MÜSAHİBƏ

12:30 - 20 Sentyabr 2014

"Avroliqa oyunlarından sonra gözləyirdim ki, milliyə dəvət edərlər"

 

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Sportal.az saytına müsahibəsi

 

Son turda prinsipial rəqibiniz “Xəzər Lənkəran”ı məğlub etdiz. Sizin üçün olduqca çətin bir matç oldu. “Böyük oyun”la bağlı təəssüratların necə oldu?

Bir tərəfdən biz bu oyuna yeni baş məşqçinin rəhbərliyi altında çıxdığımız üçün hamı özünü göstərməyə həvəsli idi. Difər tərəfdən “Xəzər Lənkəran” bizimlə oyun ərəfəsində evdə “İnter”ı məğlub etmişdi və onlar da oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdı. Meydanda azlıqda qaldığımız üçün baş məşqçi bizə müdafiə futbolu oynamaq tapşırığını verdi. Biz də bunun hesabına qələbəni əldən vermədik. Sizə deyim ki, Avroliqada “Partizan”la ilk oyunda düzgün müdafiə olunsaydıq, 2 top üstünlüyünü əldən verməzdik.  Ancaq hər məşqçinin öz futbol fəlsəfəsi var.

 

Arif Əsədov yenidən “Neftçi”də baş məşqçi postuna qayıtdı. O, əvvəllər “Neftçi”ni çalışdıranda sənə o qədər də güvənmirdi. Qorxmursan ki, səni yenə ehtiyat oyunçular skamyasında əyləşdirər?

Yox. Bu mənim oyunumdan asılıdır. Gərək oyundan-oyuna artırım ki, Arif müəllim də mənə güvənini itirməsin. Biz bir-birimizi çoxdan tanıyırıq. Həm də artıq neçə il keçib, bu illərdə istər oyun praktikası, istər təcrübə baxımından mən də bir qədər artırmışam.

 

“Neftçi”də məşqçi dəyişikliklərinin tez-tez olması sizə pis təsir etmir?

Hər məşqçinin öz futbol fəlsəfəsi var və hər gələn məşqçiyə bir qədər vaxt lazım olur. Ancaq “Neftçi” topla oynamağa üstünlük verən komandadır və bura gələn məşqçilər də bunu nəzərə alırlar. Heyətdə Flavinyo, Vobay kimi səviyyəli futbolçuların olması, onların fərdi keyfiyyətləri də məşqçinin işini asanlaşdırır.  

 

Avroliqa oyunlarında “Neftçi”nin heyətində ən yaxşılardan idin. Buna baxmayaraq, yenə də milliyə dəvət almadın. Səbəbi nədə görürsən?

Düzü, Avroliqa oyunlarından sonra gözləyirdim ki, milliyə dəvət edərlər. Ancaq olmadı. Nə deyim? Bu suala yəqin ki, milli komandanın baş məşqçisi cavab verə bilər. İnanın, mən yenə də öz üzərimdə çalışıram. Yəqin millidə oynamaq üçün çatışmayan cəhətlərim var, buna görə də məşqlərdə daha çox işləyirəm.

 

Şahin OĞUZ

Xəbər xətti