"Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir"
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir.
- Sizinlə Türkiyə "Akhisar BB" klubunun maraqlandığı bildirilir. Bu, düzdü?
- Onlar məni yayda komandalarında görmək istəyirdilər. Onlar tərəfindən tez-tez mənə maraq göstərilir. Amma rəsmi heç nə yoxdu. Ona görə də bu haqda nəsə deyə bilmərəm. Hələlik, ancaq "Neftçi" barədə düşünürəm.
- "Qəbələ" ilə oyundan nə gözləyirsiz?
- "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Bilirik ki, bu dəfə də elə olacaq. Onların güclü futbolçuları var. Amma bizdə motivasiya daha güclüdü. 3 xal üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük.
- Son turda qazandığınız "Xəzər Lənkəran" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- Biz gücümüzə inanırdıq. Oyun nəzarətimiz altında keçdi. Amma təəssüf ki, Saşa Stamenkoviçi itirdik.
- Qapınıza təyin olunan penalti ədalətli qərar idi?
- Deyə bilmərəm. Çünki həmin vaxt epizodu yaxşı görə biləcək yerdə deyildim.
- XL üzərindəki qələbədən sonra "Neftçi"də özünəinamın daha da artdığını demək olar?
- Biz bu oyundan əvvəl də öz gücümüzə çox inanırdıq. Əks halda bu oyunda qalib gələ bilməzdik.