"İstəyirik ki, I Divizionu Premyer Liqa ilə birləşdirək"
Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsi
- Antalyadakı hazırlıq prosesini izlədiyiniz 16 yaşadək futbolçulardan ibarət yığmamız ilk yoxlama görüşündə böyükhesablı qələbə qazandı. Rəqib hər nə qədər zəif olsa da, yəqin ki, bu hesabı gözləmirdiz...
- Oyuna görə hesab elə də olmalı idi. İlin bu ərəfəsində U-16, U-17 üçün yığma səviyyəsində rəqib tapılmır. Əsas hesab deyil. İlk növbədə, onların oyununu qurmaq lazımdı. Çünki bu uşaqlar 1 ildən sonra Avropa çempionatının final mərhələsində oynayacaqlar. Bu, vacib amildi. Plan da elə qurulub ki, oyun getdikcə yaxşılaşmalıdı. Bu gün U-16 oyundan öncə həm də məşq edib. İki gündü onların məşqlərinə baxıram, çox xoşuma gəlir. Daha çox topla və taktiki hərəkətlərə üstünlük verirlər. Cinahlardan hücumlar, bir toxunuşlu ötürmələr, bütün bunlar müsbət haldı. 16 yaşlı uşaqlara necə oynamaq lazım olduğunu həmişə demək lazımdı ki, avtomata çevrilsinlər. Məşqçilər də bunun üzərində çalışırlar. 9:0 hesablı qələbənin analizi olacaq. Mənə əsas hesab yox, oyun maraqlıdı. Axır illərdə biz taktika və texnika baxımından çox geridə qalmışıq. "Qafqaz futbolu" deyirlər, amma ondan əsər-əlamət qalmayıb. Futbolçu birinci növbədə, ağıllı olmalıdı. Ağıl oldusa, çox şeyi həll etmək olar. Bunun üçün isə klublarla əlaqə olmalıdı. Bilirəm ki, Təbriz Həsənov bu uşaqların fərdi planını düzəldib və onu klubların məşqçilərinə verib. Bunun ardıcıllığı klublarda olmalıdı.
- U-16-nın heyətində kimləri bəyənirsiz? Hansı futbolçu yaxın gələcəkdə böyük futbol oynamaq iqtidarındadı?
- İstedadlı uşaqlar var. Onlar ilk növbədə, öz üzərlərində çox işləməlidilər. Çalışmaq lazımdı ki, 2-3 ildən sonra xaricə çıxsınlar. Qarşılarına indidən bu məqsədi qoymalıdılar. Onda biz nəsə əldə edə bilərik. Bu uşaqlar üçün illik oyun sayı minimum 40-45 olmalıdı. İnkişaf üçün gərgin oyunlar lazımdı.
- Bəs onların fiziki durumları ağır yükü qaldırmaq üçün bəs edirmi?
- Təbriz müəllimin ağıllı testləri var. Bu uşaqlar 1 ay öncə fiziki hazırlıqla bağlı test verdilər. Sonra həmin testin nəticələrini yazıldı və futbolçuların üzvü olduqları klublara ötürüldü. Yenə bu test keçiriləcək. Və onda bəlli olacaq ki, onlar son 1 ay ərzində nə qazanıblar, nə itiriblər. İnkişaf etmək üçün çoxlu çıxış etmək, hər ay turnirə getmək lazımdı. Uzağa getməyək, U-17-nin Bakıdakı 2 oyunu o uşaqlara çox şey verdi. Amma onlar harda zəif cəhətlərinin olduğunu bilməli, onların üzərində işləməlidilər.
- Bu uşaqlardan kimlərisə yaxın zamanda əsas milliyə dəvət etmək olarmı?
- Bunların 16 yaşları var. Mən bilirəm ki, bəziləri klubların əvəzedici heyətlərində oynayırlar. Amma Təbriz müəllim klubların baş məşqçisinə deyə bilməz ki, bu uşağı əsas heyətdə oynat. Klubların işinə heç kim qarışa bilməz. Bu haqda bütün klubların baş məşqçiləri ilə söhbətimiz olub. Xahiş etmişik ki, çalışın, bəzi oyunlarda cavan uşaqlardan istifadə edin. Qoy, yüksək liqanın havasını qəbul etsinlər, oyunu sxemini anlasınlar. Məşqçilər o cavanlarla çox işləməlidilər. Əsas iş klublarda görülür. Klublarla yığma məşqçiləri sıx əlaqədə olurlar. Ağıllı məşqçinin qəhrəmanlığı ondadı ki, yerli uşaqları vaxtında tapsın və onları inkişaf etdirsin. Bizim uşaqlara başa salmaq lazımdı ki, bir az "artıran" kimi get xaricə. Pula baxma, karyeranı qur. Karyeranı quranda pul özü gələcək.
- Əsas komandaları başa düşdük ki, azyaşlı futbolçuları oynatmaqda ehtiyat edirlər. Bəz I Divizion klublarından necə, bunu tələb etmək olmazmı?
- I Divizionla bağlı layihə vermişik, indi onun üzərində işlənilir. Biz Məşqçilər Komitəsi istəyirik ki, I Divizionu Premyer Liqa ilə birləşdirək ki, onlarda da gərginlik olsun. Bilsinlər ki, nəyin üzərində işləyirlər. Təqdim etdiyimiz layihədə bu məsələlər yer alıb. Biz I Divizionun baş məşqçiləri ilə görüşdük. Soruşduq ki, 2 il ərzində I Diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? Cavabında "yox" sözünü eşitdim. Dedim ki, onda I Divizion üçün məqsəd nədi? Bu məsələyə rəhbərlik qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi