"Millidən ayrılmağımın səbəbi Fərid Novruzinin mənimlə olan şəxsi prinsipləri idi" - Zeynal Zeynalov

13:48 - 18 Sentyabr 2025

Çimərlik futbolu üzrə milli komandamız bir neçə gün əvvəl Avropa çempionatının B divizionunda oyunlarını başa vurdu. Yığma komandamız A divizionuna yüksəlməyi bacarmayaraq, öz qrupunda 3-cü yeri tutdu. Milli komandamızın sabiq baş məşqçisi Zeynal Zeynalov Sportal.az saytına müsahibəsində yığmanın hazırkı durumunu və gələcək perspektivindən danışıb. Bununla yanaşı, o, vaxtı ilə milli komandada qalmamasına aydınlıq münasibət bildirib. 

- Uzun illər Azərbaycan millisində baş məşqçi postunda işləmişdiniz. Amma sonradan yığmadan ayrıldınız. Millidən ayrılığınıza səbəb nə oldu?

Millidən ayrılmağımın səbəbi federasiyanın rəhbəri Fərid Novruzinin mənimlə olan şəxsi prinsipləri idi. Başqa səbəb yoxdur. 

- Sizcə, indiki yığmamızın durumu hansı səviyyədədir? Komanda inkişaf edib, yoxsa daha da zəifləyib?

Mənim bu haqda nəsə deməyim düzgün çıxmaz. Ancaq nəticələr göz qabağındadır.

- Çimərlik millisində özünüzün oynadığı vaxtlarda komanda daha güclü görünürdü, daha yaxşı nəticələr qazanırdı. Sizcə, niyə əvvəlki kimi A divizionunda yer almırıq, daha uğurlu nəticələr qazanmırıq?

Biz oynayan vaxtda futbolçu çox idi. Buna görə də, seçimimiz də çox olurdu. İndi futbolçu qıtlığı var. Özü də, aşırı şəkildədir. Hazırda çimərlik futboluna oyunçu gətirmək olmur. Çünki hamı maliyyə tərəfini fikirləşir. Üstəlik, bizdə qapalı meydança olmadığına görə çimərlik futbolu 3-4 ay oynanılır, sonra dayandırılır. Maliyyə də olmadığı üçün indiki futbolçular 3-4 yerdə oynayırlar. Eləsi də var, işləyir, sonra məşqə gəlir. Belə olan durumda, futbolçudan nə tələb edə bilərsən və ya hansı effekti gözləyə bilərsən axı? Bunların hamısı önəmli faktorlardır.

- Bəs, indiki millimiz perspektiv vəd edir? Sizcə, nəyə görə sanki birdən-birə çimərlik futbolu üzrə milli komandaya maraq azalmış oldu? Yoxsa, diqqət istənilən səviyyədə deyildi deyə, bu cür alındı?

Yenə deyirəm, millidə olmadığım üçün nəsə danışmaq istəməzdim. Ancaq onu deyim ki, milli hamımızındır. Hamının da borcu odur ki, milli komanda üçün canla-başla oynasın, işləsin. Bizim dövrümüzdə həmişə ən yaxşısını etməyə çalışırdıq. Bunu futbolçulardan da tələb edirdik.

- B qrupunda məqsəd A divizionuna çıxmaqdır. Amma komanda B qrupunda qaldı. İndiki yığma Sahib Məmmədovun rəhbərliyi altında yenidən A divizionuna çıxa biləcək?

- Biz komandanı sıfırdan yığmışdıq. Hikmət Bağırov, İlqar Abdulov və özüm. Birinci ildə çimərlik futbolunun tarixində heç kimin eləmədiyini etdik. Millimizi B divizionundan A divizionuna çıxardıq. Özü də, 12 oyun qələbə qazanmışdıq. O vaxtı cəmi 1 komanda A divizionuna çıxırdı. Finalda hakimlərinə haqsızlıqlarına baxmayaraq, oyunu qalib başa vuraraq bu uğuru qazandıq. Amma indi bildiyimə görə, 4 komanda A divizionuna çıxıb. Əfsuslar olsun ki, orada Azərbaycan millisi yoxdur.

- Yenidən A  milliyə baş məşqçi kimi geri qayıtmaq istəyərdiniz? Federasiya rəhbərliyindən təklif olarsa, qayıdarsınız?

Əgər yaxşı təklif olsa, yaxşı şərait yaradılsa, əlbəttə. Milli komandada çalışmağa hamımız və həmişə hazırıq.

Mirbağırağa

Xəbər xətti