"Kəpəz"in sabiq qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib. Hazırda İsrail yüksək liqasında yarışan “İroni Tiberias”ın əsas qapıçısı olan portuqaliyalı Azərbaycana geri qayıtmaq ehtimalından da söz açıb.
- İsraildə işlərin necə gedir? "İroni Tiberias"ın hazırda əsas qapıçısı sənsən...
- Bəli, hər şey yaxşı gedir. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Oktyabrda İsrail çempionatının ən yaxşı qapıçısı seçilmişdim.
- İsraildə məlum vəziyyətə görə, çempionat da dayanmışdı. Həmin anlar necə keçdi? Oyunlara, məşqlərə təhlükə altında çıxırsız?
- Bura gəldiyimdən bəri heç vaxt təhlükədə olduğumu hiss etməmişəm. Məşqə və ya oyunlara maşınımda gedərkən heç bir problem hiss etmirəm.
- İsrail çempionatını Azərbaycan Premyer Liqasından fərqləndirən hansı detallar var? İsrail liqasını daha güclü hesab edirsən?
- İsrail liqası güclüdür. Üstəlik, görə biləcəyim fərqlərdən biri də odur ki, oyunlarda stadionda çoxlu azarkeş olur. Bəzən stadionda təxminən 20-30 min adam olur.
- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qalıb? Hansı matçlar, hansı rəqiblər...
- “Sabah” və “Neftçi” iki güclü komandadır. Amma biz onlara qarşı birdən çox qələbə qazana bilmişdik. Həmin görüşləri də yaxşı xatırlayıram.
- Ümumiyyətlə, yenidən Azərbaycan çempionatında oynamaq sənin üçün realdır? Təklif gələrsə, buna müsbət yanaşarsan?
- Hazırda İsraildə özümü xoşbəxt hiss edirəm. Gələcək isə həmişə naməlumdur. Əslində, mən Azərbaycanda da həqiqətən həmişə xoşbəxt olmuşam.
- "Kəpəz"i izləyirsən? Onlar yenə sonuncu pillədədir. Səncə, vəziyyət düzələcək? Ümumiyyətlə, nəyə görə "Kəpəz"də qalmadın?
- Bəli, “Kəpəz”in matçlarına da baxıram. Təbii ki, eyni vaxtda oyunlarımız yoxdursa, belədir. İnanıram ki, "Kəpəz"in işləri daha da yaxşı olacaq.
- Sənin üçün Tiberias şəhəri maraqlıdır, yoxsa Gəncə daha maraqlı idi?
- Tiberias və Gəncə dinc, sakit şəhərlərdir. Fərq ondadır ki, burada böyük şəhərə maşınla bir saat yarım məsafədədir. Gəncədə isə Bakıya getmək təxminən 5 saat çəkir.
- Komanda yoldaşların arasında Fares Abu Akel də var. O vaxtı ilə "Qəbələ"də çıxış edib. Onunla Azərbaycan futbolu haqda danışırsız?
- Bizim Azərbaycan futbolu haqqında danışmaq imkanımız yoxdur.
Mirbağırağa
