"Milliyə dəvət etsələr, buna çox sevinərəm" - Asiya klubunda mövsümə uğurlu başlamış azərbaycanlı forvard

11:22 - 15 Mart 2026

"Mövsümün başlanğıcı çox uğurlu oldu. İki oyunda da qalib gəldik və hər iki matçda qol vurmuşam. Bu seriyanı daha uzun müddət davam etdirmək istəyirəm. Çünki öz məqsədlərimə çatmaq niyyətindəyəm. Ümidvaram ki, hər şey istədiyim kimi alınacaq, komandama da hədəflərinə çatması yolunda xeyir verməyi çox istəyirəm. Daha çox qol vurmaq və öz məqsədimə çatmaq üçün çox işləmələyiəm. Mən də bunu edirəm və edəcəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Ozgon"un hücumçusu Orxan Əliyev deyib.

Azərbaycanlı forvardın komandası Qırğızıstan çempionatında 2 turdan sonra "Alqa" ilə birlikdə liderlik edir. Əliyev, hər iki turda qol vurmaqla indidən bombardirlər siyahısında da birincidir. O, Azərbaycan milli komandasının bu ay keçiriləcək "FİFA series" turniri üçün düşərgəyə dəvət edilmək şanslarını dəyərləndirib:

"Əgər milli komandaya dəvət etsələr, buna çox sevinərəm. Dəvət etməsələr də, öz üzərimdə işləməyə davam edəcəm və çempionatın növbəti oyunlarına hazırlaşacam. Amma öz şansımı gözləyəcəyəm. Bu məni dayandırmamalıdır. İşləməliyəm və dayanmamalıyam".

Xəbər xətti