“Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib - FOTOLAR

10:18 - 1 May 2026

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə Bakı Avropa Liseyində məktəblilər üçün “Uşaq hüquqlarının qorunması” mövzusunda növbəti maarifləndirici seminar təşkil olunub.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, liseyin 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova və uşaq hüquqlarının maraqlarının qorunması üzrə AFFA-nın məsul əməkdaşı Şəbnəm Eyyubova tərəfindən həyata keçirilib.

İnteraktiv formatda təşkil olunan görüş zamanı müxtəlif maarifləndirici oyunlar vasitəsilə şagirdlərə hüquqların növləri və onların gündəlik həyatdakı əhəmiyyəti barədə məlumat verilib. Bu oyunlar şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların müxtəlif situasiyalarda düzgün qərar qəbul etmə və öz hüquqlarını müdafiə etmə bacarıqlarının inkişafına töhfə verib. Eyni zamanda, iştirakçılara futbol mühitində təhlükəsiz mühitin formalaşdırılması, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması yolları ətraflı izah edilib.

Seminarın yekun hissəsində şagirdlərin aktiv iştirakı ilə açıq müzakirələr aparılıb, real situasiyalar ətrafında fikir mübadiləsi baş tutub. Sual-cavab formatında davam edən tədbirdə mütəxəssislər şagirdləri maraqlandıran sualları cavablandırıb, onların təklif və rəylərini dinləyiblər.

Xəbər xətti