Qazaxlar bacardı, biz bacarmadıq YAZI

13:40 - 2 Mart 2015

"Neftçi" də, "Qarabağ" da...

 

Bazar günü Qazaxıstanın paytaxtındakı "Astana Arena”da əsl bayram ab-havası yaşanırdı. Şaxtalı havada tribunaları dolduran 20 mindən çox azarkeş nəfəslərini tutub, 120 dəqiqəlik gərgin mübarizə izlədilər. Son çempion "Astana”yla ölkə kubokunun qalibi Almatı "Kayrat”ı yeni mövsümü açıq elan etmək, həmçinin Qazaxıstan Superkubokunun sahibini müəyyənləşmək üçün üz-üzə gəldilər. 

 

Yerli futbol federasiyasının başbilənləri bu vacib qarşılaşmanı yaddaqalan etməkdən ötrü xeyli əziyyət çəkmişdilər. Çempionlar Liqasının vacib oyunlarında, eləcə də son Avropa və dünya çempionatının final mərhələsində ədaləti qoruyan isveçli hakim Yonas Eriksson köməkçiləriylə birlikdə Astanya dəvət olunmuşdu. Erikssonun idarə etdiyi qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından Superkubokun sahibi penalti vuruşlarıyla müəyyənləşdi. Daha şanslı günündə olan paytaxt təmsilçiləri qənimətin Almatıya aparılmasına imkan vermədilər. Beləcə qazaxlar Supekubok qarşılaşmasıyla yeni mövumə start vermək ənənəsinə sadiq qaldılar. 

 

Bilirəm ki, təəccüblənirsiz. Hətta hörmətli oxucularımızın arasında "Qazaxıstanın Superkubokundan bizə nə” deyərək mənə sual ünvanlamaq həvəsinə düşənlərin də olduğuna şübhə etmirəm. Tələsməyin, "Astana”yla "Kayrat”ın qarşılaşmasından sizə bəhs etməyim səbəbsiz deyil. Məsələ ondadır ki, oxşar bayramı azərbaycanlı futbolsevərlərin də yaşamaq şansı var idi. 

 

PFL uzun fasilədən sonra Azərbaycanda da Superkubok qarşılaşmasının keçirilməsi ənənəsini bərpa etmişdi. Tarixə qısa nəzər salaq və 2013-cü ilin mayında PFL başqanı Ramin Musayevin dilindən səslənən açıqlamanı xatırlayaq: "Biz Superkubok uğrunda qarşılaşmanın keçirilməsiylə bağlı çoxdan düşünürdük. Rövnəq Abdullayevlə görüşdə məsələni müzakirə etdik və qərara aldıq ki, bu oyunu yenidən təşkil edək. AFFA prezidenti tapşırdı ki, kubokun hazırlanmasında milli ornamentlərdən istifadə olunsun. Kubokun eskizi Moskvada hazırlanıb”.

 

Həmin ilin payızında Musayevlə Abdullayevin ideyası gerçəkləşdi, özü də kifayət qədər uğurlu. Superkubok qarşılaşması Naxçıvanda təşkil olunmaqla bir gülləylə iki quş vuruldu. Həm Muxtar Respublikaya "böyük futbol” qaytarıldı, həm də az qala 20 illik fasilədən sonra Azərbaycanda Superkubokun sahibi müəyyənləşdi. Çətin günlər keçirən "Xəzər Lənkəran” prinsipial rəqibi "Neftçi”ni məğlub etməklə adını ölkə futbolunun tarixinə yazdırmağı bacardı. Bu qarşılaşma hamımızı ümidləndirmişdi. Yeni mövsümün açılışı ərəfəsində hər şeyin daha yaxşı təşkil olunacağına, azərbaycanlı futbolsevərlərin "Qarabağ”la "Neftçi”nin görüşündən həzz alacağına inamımız böyük idi. Cənab Musayev qarşılaşmanın konkret tarixini və yerini açıqlamaqla bizi ümidləndirmişdi belə. 

 

Avqustun 13-nü iplə çəkirdik, işlərimizi elə planlaşdırırdıq ki, Qəbələyə özümüzü çatdıraq. Mövsümün gedişində "Qarabağ”ın "Neftçi”ylə qarşılaşmaları xüsusi gərginliklə müşayət olunduğundan həyəcan daha da armışdı. Amma arzumuz gözümüzdə qaldı. İlk təşəbbüsün kimdən gəldiyini indiyə kimi dəqiq söyləyən yoxdu. "Qarabağ” "Neftçi”ni günahlandırdı, qarşı tərəf isə əksini iddia etdi. "Köhlən atlar” Qəbələdə otel belə sifariş verdiklərini dedilər, "Neftçi”nin o vaxtkı baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ”la istənilən vaxt, istənilən yerdə qarşılaşmağa hazır olduqlarından danışdı.

 

Bu məqamda gözlər PFL-ə dikildi, amma futbol qurumu da sudan quru çıxmağa çalışdı. Ramin Musayev "hər iki tərəf məsul avrokubok qarşılaşmaları ərəfəsində yersiz zədələrdən qorunmaq üçün Qəbələdəki görüşü təxirə salmağımızı istədi, vacib olan klublarımızın Avropada bizi uğurla təmsil etməsidi” deməklə təşəbbüsün hardan gəldiyinə işarə vurdu. Ya zəlzələdən, ya vəlvələdən avqustun 13-də həmin görüş baş tutmadı. Ay ötüb, il dolanıb. "Neftçi” də, "Qarabağ” da avrokubok məcarasını çoxdan başa vurub. Hətta əvvəlcədən söylənildiyi kimi Superkubok Antalyada da sahibinə qovuşmadı. Heyf o milli ornamentlərlə Moskvada düzəldilmiş qənimətdən. Nəyimiz əksikdi ki, qazaxların bacardığını biz bacarmırıq?

 

Amal Abuşov

Sport7.az

Xəbər xətti