Rövşən Babayev: "Heç kim "Simurq"a gəlişimi "qardaşlığın" nəticəsi kimi qələmə verməsin"
Premyer Liqaya marağın azaldığı bir vaxtda əvəzedicilərin çempionatı demək olar ki, gözdən-gönüldən uzaq düşüb. Futbolumuzun gələcəyinini müəyyən edən bu birinciliyə maraq yüksək dəstə ilə müşayisədə qat-qat aşağıdır, bəlkə də yox səviyyəsindədir. Amma əvəzedicilərin çempiontında mübarizə Premyer Liqa ilə müqayisədə daha maraqlı keçir. Çempionatın başa çatmasına hələ çox var. Yüksək dəstədə çempionun və avrokuboklara vəsiqə qazanan komandaların kimliyi böyük ehtimalla məlum olsa da, “2-ci növ” birincilikdə hansı komandanın qalib olacağı, hansı komandaların mükafatçılar sırasına düşəcəyini indidən söyləmək mümkün deyil. Hazırda “Simurq”un əvəzediciləri turnir cədvəlində 2-ci pillədədirlər. Bəzilərinə əyalət komandasının liderlər qrupunda olması gözlənilməz gələ bilər. Amma son 2 mövsümün yekunlarına nəzər salsaq, “Simurq”un ilk “3-lük”də yer aldığını görərik. Üstəlik, əsas komandanın da cari mövsüm gözəgəlimli çıxışını qeyd etmək lazımdır. Təbii ki, Zaqatala klubunun əvəzedicilərinin baxımlı oyunu və göstərdiyi nəticələrdə bir çox məqamlarla yanaşı, məşqçi amili də önəmli rol oynayır. Hazırki vəziyyət, uğurlu çıxışın sirləri, qarşıya qoyulan məqsədlər və başqa suallarla komandanın baş məşqçisi Rövşən Babayevə müraciət etdik.
– Bu gün “Simurq”un əvəzedici komandasının liderlər qrupunda olması, son 3 ildə qazandığı nailiyyətlər təkcə məni yox, futbolçuların, məşqçilərin, klub rəhbərliyinin zəhmətinin nəticəsidir. Məqsədimiz təkcə nəticə qazanmaq deyil. Səviyyəli futbolçular hazırlayıb əsas komandaya verməyə çalışırıq. Özü də bu zaman yerli futbolçulara üstünlük veririk. Bu gün əsas komandanın heyətində mütəmadi görünən Nicat Muxtarov, Oruc Balaşlı, Kənan Müslümov, İlqar Hüseynov, Cavad Kazımov məşqlərdə və toplanışlarda əsas komanda ilə birgə olurlar. Bu futbolçuların hər biri gələcəkdə Azərbaycan futboluna çox xeyir verə bilər.
– “Simurq”dan əvvəl iş yeriniz “İnter” idi. Zaqatala klubundan dəvət almışdınız, yoxsa sizin ora gedişinizi “qardaşlar” özləri həll etmişdilər?
– “İnter”dən 2009-cu ildə dəvət almışdım. Ona kimi müxtəlif komandalarda məşqçiliklə məşğul olmuşam. Ümumiyyətlə, məşqçiliyə gəlişim 2003-cü ilə təsadüf edir. Futzal üzrə respublika birinciliyində çıxış edən “Refarm” komandasını çalışdırırdım. “Refarm” “Araz”dan sonra 2-ci yeri tutmuşdu. Daha sonra bir müddət “Olimpik”də çalışdım. Oradakı işimi görən “İnter” rəhbərliyi məni kluba dəvət elədi. 2009-cu ildə Azərbaycanda ilk dəfə 2001-ci il təvəllüdlü futbolçuların seleksiyası ilə məşğul olmağa başladım. Həmin təvəllüdlü futbolçular Avropa ölkələrində keçirilən bir neçə turnirdə mükafatçılar sırasına düşdü. Gördüyüm işin qarşılığında az sonra “İnter”in uşaq futboluna direktor təyin olundum. 2012-ci ildə isə “Simurq”dan dəvət aldım. Bunları nəyə görə sadaladım? Çoxları “İnter”lə “Simurq”u siz dediyniz kimi “qardaş komandalar” hesab edirlər. Heç kim “Simurq”a gəlişimi “qardaşlığın” nəticəsi kimi qələmə verməsin. Həmin təklif “İnter”də və daha əvvəllər gördüyüm işlərin nəticəsində olub.
3 ildir ki, Zaqatala klubundayam, əvəzedici komandanın məşqçisiyəm. Özünü tərifləmək kimi çıxmasın, bu müddətdə əsasən yerli uşaqlardan təşkil olunmuş komandanın daim medallar uğrunda mübarizə aparması da dediklərimə sübutdur.
– “A” kateqoriyalı məşqçisən. Deyəsən, “pro”ya ehtiyac durmursan?
– Niyə ki? Hələ “İnter”də işləyərkən onların köməkliyi ilə kurslarda iştirak edərək “A” kateqoriyasını almışdım. Son iki ildə AFFA-dan bir neçə dəfə mənimlə əlaqə saxlayıb kateqoriyamı artırmaq barədə kurslara dəvət ediblər. Amma bildiyiniz kimi, “pro”nu əldə etmək üçün müəyyən şərtlər var. Məsələn, klubun zəmanət məktubu olmalıdı, digər ölkələrdə işləməlisən. “Simurq” rəhbərliyi ilə bu haqda söhbətim olub. Yaxın vaxtlarda kateqoriyamı artırmaq üçün lazım olan bütün şərtləri yerinə yetirəcəklərinə söz veriblər. Sadəcə, bir qədər səbr etməliyəm.
– Hər bir məşqçi yetirmələri ilə fəxr edir. Rövşən Babayev necə? Üzə çıxardığı hansı futbolçular gələcəkdə futbolumuzda ad qoya bilərlər?
– Uşaq futbolundakı fəaliyyətim 2009-2012-ci illəri əhatə edir. Az bir vaxtdır. Amma həmin vaxtda bayaq dediyim kimi, Azərbaycanda ilk dəfə 11 yaşlı futbolçulardan ibarət komanda yaratmışam. Həmin futbolçular indi 15 yaşındadılar. İstedadlı uşaqlar çox idi. Bu gün “Qəbələ”nin futbol akademiyasında təhsil alan Təbriz İsazadə, “İnter”də Murad Bağırov və Pərviz Məmmədov digərlərinin adlarını çəkə bilərəm. Bir neçə yetirməm U-16 millinin üzvləridir. Onların ilk məşqçisi mən olmuşam. Hazırda U-15 milli komandasının yaradılması barədə fikir var. İnanıram ki, vaxtilə mənim rəhbərliyim altında futbolun sirlərini öyrənən bir neçə belə gənc həmin millidə çıxış edəcəklər və buna layiqdirlər.
– “Simurq”a qayıdaq. Komandaya yaradılan şəraitdən razısınız? Sirr deyilsə, futbolçular nə qərər maaş alırlar, mükafatların məbləği nə qədərdir?
– Komandanın məşq keçməsi və futbolçuların qalmaları üçün klub rəhbərliyi tərəfindən əla şərait yaradılıb. Doğrudur, bu gün “Simurq”un futbol akademiyası yoxdur. Amma bazamız var. Zaqataladan, bölgələrdən olan gənc futbolçuların məskunlaşdıqları və məşq keçdikləri həmi baza bütün tələblərə cavab verir. Məqsədimiz bu bölgəni təmsil edən isdedadlı futbolçuları üzə çıxarmaq, onları peşəkar futbolçu kimi yetişdirmək və nəticədə Azərbaycan futboluna xeyir verməkdir. Yaradılan hər cür şəraitə görə klubun prezidenti Anar Bəkirova və rəhbərliyə minnətdarlığımı bildirirəm. 3-4 il əvvəl komandada yerli futbolçulara nadir hallarda rast gəlirdik. Amma bu gün nəinki əvəzedici, hətta əsas komandada Zaqatala və yaxın bölgələrdən olan futbolçular oynayırlar. Bu da klub rəhbərliyi ilə məşqçilər korpusunun apardığı planlı işin nəticəsidir. Komandaya gələndə rəhbərliyin qarşımıza qoyduğu məqsədlərlə bizim tələblərimiz üst-üstə düşdü. İşlədikcə bir-birimizə inam yarandı. Məhz bu inamın, vəhdətin sayəsində həm əsas komanda, həm də biz getdikcə daha yaxşı çıxış edirik.
Futbolçuların maaşlarına və mükafata gəldikdə, məvaciblər digər klublarla müqayisədə yüksək deyil. Lakin dəqiq məbləğ deyə bilmərəm. Çünki maaşla bağlı məsələləri futbolçular məşqçilərlə deyil, rəhbərliklə razılaşdırlar. Mükafat isə ümumiyyətlə, nəzərdə tutulmayıb. Əvəzedici komandada çıxış edən hər bir futbolçu pulu yox, daha da irəli getməyi düşünməlidir.
– Komanda çempion olacağı təqdirdə də mükafat olmayacaq?
– Mövsümün əvvəlində bizim qarşımızda futbolçu yetişdirmək məqsədi qoyulub və işlərimizi bu yöndə aparırıq. Çempion olağacımız təqdirdə yəqin ki, diqqətdən kənarda qalmayacağıq. Fikrimcə, futbolçular klub prezidenti tərəfindən müəyyən məbləğdə mükafatlandırılacaqlar. Necə ki, son 2 mövsüm olmuşdu. 2 il əvvəl çempiondan cəmi 2 xal az toplamaqla 2-ci, ötən il isə 3-cü yeri tutmağımıza baxmayaraq, Anar müəllim uğurlara biganə qalmamışdı.
– Bir müddət əvvəl yığma komandada Berti Foqtsun köməkçisi olmuş Rauf Mehtiyev də sizinlə birgə çalışır…
– Rauf uşaqlıq dostumdur. Bir yerdə böyümüşük, futbol oynamışıq. Qismətdən bu gün onunla bir yerdə çalışıram. Rauf Mehtiyevin məşqçilər korpusunda olması köməyimizə çox dəyir. Onun futbolçu kimi zəngin karyerası var. Milli çempionatlarda ən çox oyun keçirən, ən az qol buraxan qapıçıdır. Bundan başqa uzun müddət yığmamızın şərəfini qoruyub. Foqtsun köməkçisi kimi işləməsi də öz yerində. Bir sözlə, onun təcrübəsindən yararlanırıq. Bundan başqa köməkçim Asif Ramazanovun da adını çəkmək istəyirəm. 27 yaşı olmasına baxmayaraq, öz işini bilən məşqçidir. Gələcəkdə Azərbaycanda sayılıb-seçilən mütəxəssislərdən biri kimi yetişə bilər.
– Hər halda əvəzedicilər də olsa, 3 il ardıcıl eyni komanda ilə uğur qazanmaq hər məşqçiyə qismət olmur. Yəqin ki, indiyə kimi başqa klublardan təkliflər olub.
– Mən “Simurq”da üzərimə düşən işi görürəm. Yəni, nəticə göstərib başqa yerdən təklif gözləməyi düşünmürəm. Təkliflər olub. Məsələn, son 2 ildə “Qəbələ”nin futbol akademiyasından, 1-ci dəstədə çıxış edən “Neftçala”dan təklif almışam. Amma “Simurq”dakı şərait və perspektiv məni qane etdiyindən onlardan imtina etmişəm.
İlkin SULTANLI (“Het-trik news” qəzeti)
P.S. Dünən keçirilən “İnter” – “Simurq” oyununda Rövşən Babayevin yetirmələri rəqibinə 3:1 hesabı ilə qalib gələrək turnir cədvəlində qərarlaşdıqları 1-ci yeri qoruyublar.
saytlarin hazirlanmasi