Azad Əliyevi bəlkə də çoxları tanımır. Amma çox istedadlı futbolçu olub. 1976-cı il təvəllüdlü futbolçu hələ SSRİ vaxtı yeniyetmələrdən ibarət Azərbaycan millisinin heyətində yer alıb. Hətta SSRİ-nin yeniyetmələrdən ibarət millisinə də namizəd olub. Azərbaycan çempionatında “Azneftyağ", “Pambıqçı" (Bərdə), “Fərid", “Kimyaçı", “Xəzər" (Sumqayıt), “ANS Pivani", “Araz", “Dinamo-Bakılı"nın heyətində forma geyinib. Dediyinə görə, legioner həyatı da yaşaya bilərdi, buna imkanı olub. Amma özü istəməyib. İndi peşmançılığını çəkir. “Xəzər Lənkəran"la müqavilə bağlamaq ərəfəsində aldığı zədə isə karyerasını faktiki məhv edib. Sonra futboldan kənar düşüb, hətta çayxana işlədib. İndi yenidən futbola qayıtmaq istəyir. Bir vaxtlar iyrəndiyi futbola.
- Azad, söhbətə futbola gəlişindən başlayaq.
- Futbola 10 yaşımdan Kazbek Tuayevin rəhbərlik etdiyi futbol məktəbi var idi, orda başlamışam. İlk məşqçim Ravil Cəlilov olub. Halbuki indi çoxları onu xatırlamır. Sonra Böyükağa Abbasovun və Yaşar Abdulovun da rəhbərliyi altında oynamışam.
- Sizin məktəbdə tanınmışlardan kim olub ?
- İlham Yadullayev, Eldəniz Məmmədov, Valeh Qafarov... Hamımız bir nəslin nümayəndələriyik.
- İlk peşəkar klubun hansı olub?
- Peşəkar futbola gəlişim SSRİ-nin son illərinə təsadüf edib. O vaxt biz Azərbaycan yığmasının tərkibində SSRİ çempionatına yollanmışdıq. Qrupdan çıxıb sonra pley-off-da Ukraynaya məğlub olmuşduq. Ukraynanın heyətində Andrey Şevçenko oynayırdı. Həmin çempionatdan qayıtdıqdan sonra məni və bir neçə futbolçunu “Termist" komandasına dəvət etdilər. İlk peşəkar klubum “Termist" olub. Yəni, müqaviləyə qol çəkib maaş almışam.
- Bəs, müstəqil Azərbaycan çempionatında ilk olaraq hansı komandanın formasını geyinmisən?
- “Azərneftyağ"ın. Bu komanda güclülər dəstəsində oynayırdı. Sonra maliyyə problemi üzündən dağıldı. Ondan sonra “Fərid"ə keçdim. “Fərid"dən sonra “ANS Pivani"də forma geyindim. Ondan sonra hərbi xidmətlə əlaqədar MOİK-də oynadım. Komanda o vaxt I Divizionda oynayırdı. MOİK-də hərbi xidməti başa vurandan sonra “Kimyaçı"ya gəldim. Sonra Sumqayıt “Xəzər"ndə də forma geyindim. “Xəzər"dən sonra “Dinamo" var idi, bax, o komanda da bir müddət çıxış elədim.
- Bir ara Naxçıvan karyeran da olmuşdu axı...
- Düzdür, qısa müddət “Araz"da da oynamışam. Rəhmətlik Əli Rəhmanov məni komandaya dəvət etmişdi. Bir dövrə oynadıq və ondan sonra maliyyə problemi oldu, maaşlar verilmədi və buna görə Əli müəllim də Bakıya qayıtdı, biz də.
- 2004-cü ildən Azərbaycan futboluna böyük maliyyə axını başladı. Amma səni həmin vaxt yaşıl meydanlarda görmədik...
- 2004-cü ildə “Xəzər Lənkəran" yeni yığılanda düşərgədə mən də var idim. Nazim Süleymanovla söhbət etdim. Dedi ki, qarşıda 10 günlük Quba toplanışı var. Yaxşı olardı ki, orada oyununu şəxsən izləyim. Qubada hər şey yaxşı gedirdi. Toplanışın sonuna 2 gün qalmışdı. Bir yoxlama oyunu oynayıb geri qayıtmalı idik. Elə oldu ki, dizimdən ağır zədə aldım. Onunla da hər şey məhv oldu. Moskvaya əməliyyata getdim, sonra 1 ilə yaxın bərpa kursu keçdim. Ardınca növbəti əməliyyat üçün Türkiyəyə yollandım və beləliklə xeyli vaxt itirdim. Həm yaş gedirdi, həm də formadan uzaq düşürdüm. Gəldim 1-2 nəfərə ağız açdım. Gördüm ki, vəziyyət başqadı. 2004-ə qədər “pirojki dövrü" idi. Onda futboldakı insanlar başqa idi. Pullar axmağa başlayandan sonra insanlar da dəyişdi. Bir sözlə, gördüklərimdən iyrəndim və futboldan birdəfəlik getdim. Bir ara bizneslə məşğul oldum, çayxana, internetklub işlətdim, ondan sonra dövlət işinə keçdim.
- Sirr deyilsə, ağız açdığın adamlar hansı klubun nümayəndələri idi?
- Türkiyəyə əməliyyata getməmişdən öncə “Xəzər Lənkəran"ın vitse-prezidenti Mais Mənsimovla söhbətimiz olmuşdu ki, qayıdandan sonra futbol oynaya bilsəm, komandaya götürəcək. Yox, oynaya bilməsəm, o zaman klubda başqa bir iş verəcəkdilər. Türkiyədən qayıdandan sonra Tuyqun Nadirovu icraçı direktor təyin eləmişdilər. Onunla görüşdüm. Məqsədim futbol oynamaq idi. Mənə “Xəzər Lənkəran-2"də oynamağımı təklif etdi. Mən də ondansa “Masallı"ya göndərilməyimi istədim. Hər necə olsa, Qəhrəman Əliyevi tanıyırdım. Həm də “Xəzər Lənkəran-2"dənsə, “Masallı" yaxşı idi. Razılaşdıq. Ancaq “Masallı"da Qəhrəman Əliyevlə yola getmədim. Yola getmədim deyəndə ki, ilk gündən ağır zədədən döndüyümü və ora bərpa keçib forma yığmaq üçün gəldiyimi bilirdi. Yəni, məndən elə də böyük şeylər gözləmə ki, ilk gündən əsas heyətdə oynayacam, komandanı arxamca aparacam. Bundan başqa, kənarda 1-2 nəfər də var idi, onlar da mənimlə yola getmirdilər. Nə isə, gördüm vəziyyət başqadır, məşqlərdə özümü gücə saldım. Bəlkə də səhvim onda oldu. Çünki zədəmi yenidən təzələdim. Qəhrəman da getdi rəhbərliyə dedi ki, bunluq deyil. Təzədən Tuyqunun yanına getdim. Mənə dedi ki, 3 aydır burdasan gəl, 3 ayın pulunu verək özünə başqa klub axtar. Bəlkə də Mais Mənsimovun yanına getsəydim, problemim həll olardı. Amma ona da özüm ağız açmadım. Fikirləşdim ki, Tuyqun Nadirova səlahiyyəti o verib. Odur ki, özümü sındırmadım və oradan ayrıldım. Artıq futboldan iyrənirdim.
- O anda qərar verdin ki, futbolla qurtarasan?
- Füzuli Məmmədov danışdı və dedi get, “MKT Araz"a özünü sına. O vaxt orada da baş məşqçi ukraynalı idi (İqor Nakoneçnı - A.X.). Getdim 1 həftə məşq elədim, amma alınmadı. Orada da vəziyyət başqa idi, eşitdiyimə görə faiz söhbəti-filan var idi.
- Nə faiz?
- Nə bilim, komandada oynamaq istəyirdinsə, kiməsə faiz verməliydin. Yəni, kimsə sənin məsələni həll eləyirdi, sən də deyək ki, ona “hörmət” edirdin.
- Səndən konkret kim faiz tələb etmişdi?
- Məndən etməmişdilər. Ona görə o adamın kimliyini bilmirəm. Həmin vaxt formada olsaydım, bu məsələnin üstünə düşüb həmin adamla danışa bilərdim. Amma formada olmadığım üçün kiməsə ağız açmaq istəmədim. Sadəcə, faiz söhbətini qıraqdan eşitmişdim.
- İmişlidən sonra nə oldu?
- “Gənclərbirliyi"nin düşərgəsinə getdim. Hər necə olsa, Sumqayıt komandası idi, əvvəllər də bu şəhərdə futbol oynamışdım. O vaxt orada baş məşqçi moldovalı İlia Karp idi. Vaqif Sadıqov isə klubun vitse-prezident idi. Məni uşaqlıqdan tanıyırdı. Bəlkə də ona ağız açsaydım, qalıb oynaya bilərdim. İstəmədim. Elə futbola orada son qoydum.
- Dedin ki, karyeranı bitirəndən sonra kafe, internetklub işlətmişdin...
- Futbolçu çörəyi ayağı ilə qazanır. Futbolu qurtardınsa, ailəni dolandırmaq üçün başqa iş tapmalısan. Mənim səhvim onda oldu ki, futbolu qurtaran kimi məşqçiliyə başlamadım. Ən azı uşaq futbolunda işləyə bilərdim. Gəl ki, futboldan iyrənmişdim. Təsəvvür edin, futbolu qurtarandan sonra hətta bir müddət televizorda futbola baxmadım. Halbuki topla böyümüşdüm. Məktəbdən gəlib dərslərimi hazırlayıb dərhal futbol oynamağa qaçırdım. Nə isə. Sumqayıtda avtovoğzalda çayxana var idi, oranı götürüb işlətməyə başladım. Sonra bir müddət internetklub işlətdim. Böyük qazanc yox idi. Ancaq çörəkpulunu çıxardırdım. Daha sonra dövlət işinə keçdim. 7 il SOCAR-da işlədim. 2013-cü ildə bizim idarəni SOCAR-dan alıb Dövlət Dəniz Administrasiyasına verdilər. İşim əvvəlki iş idi. Gəmilərə nəzarət müfəttişliyində təhlükəsizliyə nəzarət edirdim. Gəmilərə texniki baxış-filan. İdarə Dəniz Administrasiyasına veriləndən sonra problemlər başladı. Bu da təbii idi. Çünki rəhbərlik dəyişmişdi. Yeni rəhbərlik əvvəl diplom söhbətini ortaya atdı. Bu, gözlənilən idi. Hər halda yeni rəhbərlik fikirləşib ki, Azadı işlədincə, bekar olan öz qohumumu gətirib işlədərəm də (gülür). Çünki mənim əsl ixtisasım başqa idi, İdman Akademiyasını bitirmişdim. Bunu bəhanə gətirib işimi dəyişdilər keçdim və oldum növbə rəisi. Daha sonra o vəzifə də ləğv edildi, oldum adi mühafizəçi. Artıq, işləmək sərf eləmirdi. Maaş az idi. Odur ki, ərizə yazıb öz istəyimlə işdən ayrıldım. Həm də həmin ərəfədə oğlumu futbol məşğələsinə yazdırmışdım. Sanki onun sayəsində məndə yenidən futbola maraq oyandı.
- Oğlunun hesabına futbola qayıtmağa qərar verdin...
- Demek olar ki, hə. Həm də bizim sahəmiz budur da. İnsan bildiyi işi görəndə rahat olur, düzgün işlədiyindən əmin olursan.
- Köhnə komanda yoldaşlarından kiminlə əlaqən var?
- Mütəmadi olmasa da bəziləri ilə əlaqə saxlayıram. Görüşdüklərim də var. Məsələn, İlham Yadullayevi “Sumqayıt"da işləyəndə görmüşdüm. Eldəniz Məmmədovla əlaqəm var. Yaşar Abuzərovla 1-2 gün bundan əvvəl danışmışdıq. Tez-tez görüşmək imkanımız yoxdur. Çünki hamımız işdə-gücdə oluruq. Bəlkə də eyni sahədə işləsəydik, daha tez-tez görüşə bilərdik.
- Bəs, dost-tanışdan kimsə təklif etməyib ki, kömək edək, futbola qayıt?
- Çoxu işsiz olduğumu bilmir. Düzü, özüm də ağız açmaq istəmirəm. Əgər hansısa biri klub rəhbərliyində çalışsaydı, ağız açmağıma dəyər. Amma hamısı sadə məşqçilərdi. Elə səlahiyyətləri yoxdur ki, mənə iş versinlər.
- İşləmək üçün ilk növbədə kateqoriya almalısan. Bu haqda fikirləşirsən?
- İstəyirəm ki, kateqoriya alım. Bunun üçün də AFFA-ya müraciət etmək lazımdır. Düzünü deyim, bir dəfə AFFA-ya getmişdim. Orada bir nəfər futbol adamı görmədim. Hamısı cavan uşaqlar. Çoxu da özünü elə aparır ki, elə bil prezident aparatında işləyir. Hətta az qaldım qayıdıb çıxım bayıra, binanın üstünə baxım ki, dəqiq AFFA-ya gəlmişəm... AFFA belədirsə, bu gün dönərçi də gəlib kateqoriya ala bilər.
- Vaqif Sadıqov Məşqçilər Komitəsinin sədridir. Ona desən bəlkə də kömək edə bilər.
- Utanıram. Yoxsa, Vaqif müəllimi yaxşı tanıyıram. Az əvvəl dediyim kimi, o da məni uşaqlıqdan tanıyır.
- Yeniyetmə yaşlarında Azərbaycan millisində oynamısan. Hətta SSRİ-nin yeniyetmələrdən ibarət millisinə də namizəd olmusan. Maraqlıdır, bunlara rəğmən heç vaxt iddialı klublarda oynamamısan.
- Özümə günah oldu, çox səhvlər etdim. Həm də o prinsiplə yaşamışam ki, şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq yaxşıdır. Yadımdadır, 18 yaşım olanda o vaxt Vaqif Sadıqov məni “Neftçi"yə dəvət etmişdi. Atamla da danışmışdı. Amma getmədim. Dedim ki, gedib orada ehtiyatda qalmaqdansa, hazırkı klubumda oynayıram, maaşımı da alıram. Gərək gedəydim. İndiki ağlım olsaydı, 19-20 yaşımda Rusiyaya, Türkiyəyə gedərdim. İmkan da var idi. Bir ara bizimkilər İrana axışırdı. Onda mənim də İranda oynamaq şansım var idi, amma yenə getmədim. Daha yüksəyə qalxmağa şanslarım olsa da, istifadə etməmişəm.
- Sizin dövrlə indiki dövrün uşaqları arasında hansı fərq var?
- Çox fərq var. Biz ancaq futbolu düşünürdük. Pul bizim üçün ikinci planda idi. “Sən öl", “mən ölüm"ə oynayırdıq. Buna baxmayaraq, çıxıb ən iddialı komandaları büdrətməyi bacarmışıq.
- Karyeranda ən yaddaqalan oyun hansı olub?
- Elə oyunlar çox olub. Sadəcə, yadıma düşmür... 1998-ci il idi. Səhv etmirəmsə o vaxt “Kimyaçı"da oynayırdım. İmkansız vaxtlar idi, heyətimizdə hamısı cavan futbolçulardan təşkil olunmuşdu. Sumqayıtda “Şəmkir"i qəbul edirdik. “Şəmkir"in də yeni-yeni dirçələn vaxtları idi, çox güclü heyət yığmışdılar. Mehman Yunusov, Rauf Mehdiyev, Badri Kvarastxeliya... Hesabda 1:2 geridə olsaq da, sonradan iki qol vurub oyunu 3:2 qalib bitirmişdik. Qollardan birini mən vurmuşdum.
- Yəqin ki, həmin qələbəyə görə mükafat almışdınız...
- Əvvəl söz vermişdilər ki, qalib gəlsək, adama 200 dollar mükafat verəcəklər. Oyundan sonra gətirib ortaya ümumi 200 dollar atdılar ki, bölüşdürün (gülür). Halbuki “Şəmkir"də o pulu administrator alırdı.
- Bilirik ki,o dövrdə də oyun alqı-satqısı az olmayıb. Heç belə halla rastlaşmısan?
- Bəlkə də mən oynadığım komandalarda elə şeylər olub, amma şəxsən mən həmişə uzaq olmuşam. Ona görə də mənə təklif etmirdilər. Hətta olub ki, bilmişəm bizim komandadan belə şeyə getmək istəyənlər var, Onlara demişəm ki, məni bura qatmayın, çıxıb öz oyunumu oynayacam. Hətta olub yalvarıblar ki, bu oyun nəyimizə lazımdır? 10 şirvana oynayırıq. Ondansa, oyunu verək, əməlli-başlı pul qazanaq, razılaşmamışam. Oyunu da çıxıb 1:1 oynamışıq.
- Oynadığın klublar arasında nisbətən iddialı sayıla biləcək klub “ANS Pivani" olub. Həqiqətən də o vaxt yaxşı sponsorunuz və güclü heyətiniz var idi. Baş məşqçiniz Vaqif Sadıqov idi. Amma həmin heyətlə nəticə qazana bilmədiniz. Hətta 5-ci pilləni də güclə tutdunuz. Səbəb nə idi?
- Doğrudur, heyətimiz güclü idi. Komandada Qurban Qurbanov, Musa Qurbanov, Yunis Hüseynov, Mirbağır İsayev kimi futbolçular var idi. Problem klub prezidentinin şəxsi işləri ilə bağlı oldu. Mövsümboyu başı şəxsi problemlərinə qarışdığından komandaya lazımi diqqət ayıra bilmədi. Biz cavanlar haradasa problemi, pulu unudub oynayırdıq. Amma təcrübəli, ailəli futbolçular var idi ki, onlar heç cür oyunlara motivasiya ola bilmirdilər. Elə həmin mövsümdən az sonra komanda dağıldı.
- Söhbət əsnasında övladının futbolla məşğul olduğunu dedin. Necə düşünürsən, potensialı var?
- Marağı olduğunu görüb Ülvünin 8 yaşında futbola yazdırdım. Artıq 10 yaşı var. Sumqayıt ROEUGİM-də Ramin Hüseynov və Vəfadar Quliyevin rəhbərliyi altında məşq edir. Pis deyil. Bir az topla zəifdir. Amma meydanı görmə bacarığı yaxşıdır. Mübarizədən qorxmur, çəkinmir. Uzaqdan zərbələri də var. Görək də, qismət. Bəlkə mənim görə bilmədiklərimi o mənə göstərdi.
Azad gəncliyində həqiqətən istedadlı futbolçu olub. Söhbətdən də göründüyü kimi karyerasının istədiyi kimi alınmamasına müxtəlif səbəblər mane olub. Azadın kiçik qardaşı Araz da futbolçu olub. Azərbaycanın aşağı yaş yığmalarının oynayıb. Hazırda məşqçiliklə məşğul olan Araz Əliyev futbolçu kimi “Dinamo", “Neftçi” kimi komandalarda çıxış edib. Lakin onun da karyerası qardaşında olduğu kimi uğurlu alınmayıb. Qardaşların futbolda qazanmadığı uğurları balaca Ülvinin timsalında görmək arzusu ilə...
Söhbətləşdi: ANAR
“Het-trik news” qəzeti