Əlacsızlıqdan İsveçə gedən azərbaycanlı futbolçu: “24 yaşım var, komanda tapa bilmirəm” MÜSAHİBƏ

Klubsuz qalan, gələcəyi qeyri-müəyyən olan futbolçular formada qalmaq, futboldan uzaqlaşmamaq üçün günlərini paytaxtdakı ödənişli süni örtüklü meydançalarda keçirirlər.

 

Xüsusən də “AST Arena”dakı meydançalarda xeyli sayda Premyer Liqa təcrübəsi olanlara rast gəlmək mümkündü.

 

Necə ki, üç gün əvvəl Davud Kərimi, Ruzi Qiyaslı, İlqar Ələkbərov, Elgün Abbaslını dostları ilə futbol oynamağa hazırlaşarkən gördüm.

 

Xeyli vaxtdı gözdən itən Ruzi ilə rastlaşmaq maraqlı alındı. Ayaqüstü söhbətdə məlum oldu ki, vaxtilə “Neftçi”nin sıralarında olan qapıçı İsveçdən qayıdıb.

 

Ötən ili Skandinaviyada keçirən 24 yaşlı qolkiper bir neçə aylıq olsa da, legioner həyatı yaşamağı qərara alıbmış. Söhbətin davamında marağıma səbəb olan suallara cavab tapmağa çalışdım.

 

İsveçdən qayıtdığını deyirsən. Nə məsələdi?
- Ötən ilin yanvarında “Kəpəz”dən ayrılandan sonra birinci divizionda mübarizə aparan “Sabah”a keçmişdim. Lakin orda çox qalmadım. Apreldə İsveçin 3-cü liqasında mübarizə aparan komandadan təklif gəldi deyə, ora yollandım. Ölkənin şimalında yerləşən Lyuksele qəsəbəsinin eyniadlı komandası idi. Birbaşa müqaviləyə dəvət etmişdilər. Orda çempionat “yaz-payız” sistemində keçirilir. Oktyabrda yarış başa çatdığından vətənə qayıtmalı oldum. İki aydı buralardayam.

 

Həvəskar liqa sayılır?
- Düzünü desəm, dildə həvəskar adlanır. Amma səviyyə, şərait, oyun və maraq baxımından bizim birinci diviziondan heç də geri qalmır. Stadionlarına baxırsan, vallah, bizim bəzi komandaların elə stadionları yoxdu.
 

İsveçin 3-cü liqa təmsilçisində çıxış etməyə razılıq vermək məcburiyyətdən atılan addımdan başqa nəyəsə oxşamır.
- Əlbəttə, elədi. Futbolçuyam, futbol oynamaq istəyirəm. Burda təklif olmayandan sonra nə etməliyəm? 24 yaşım var, oynamağa komanda tapa bilmirəm. Elitada 8 komandadı, əsasən təcrübəlilərə və əcnəbilərə güvənirlər. Belə deyim, zərrə qədər də şansım yoxdu. Aşağı dəstədə də limitə görə əlacsızlıqdı. Əlacsızlıqdan İsveçə getdim ki, şansımı yoxlayım. İsveç böyük ölkədi, bütün liqaları izləyirlər. Dedim, bəlkə daha yuxarı liqalara yolum açılar. Amma baxıram ki, orda da əlaqələrin olmalıdı.
 

İsveçə necə gedib çıxdın?
- Ad çəkməyəcəm, azərbaycanlı məşqçi var, həmin komandada işləyirdi. Komandanı 4-cü dəstədən 3-cü liqaya qaldırmışdı. Burdan bir nəfər məni həmin məşqçiyə məsləhət görmüşdü, o da “gəlsin” demişdi. 
 

Aylıq maaş necəydi?
- Maaş deyəndə ki, 3-cü liqada nə maaş olacaq? Oyunbaşına alırdım, ayda hardasa 400-500 avro edirdi, bizim pulla 800-1000 manat. Bizim birinci divizion səviyyəsində. Qalmağa ev vermişdilər, qidalanmaq da onların boynundaydı. Düzdü, İsveç üçün çox azdı. Amma mən ora pul dalınca yox, başqa niyyətlə getmişdim. 
 

Yenidən ora qayıtmağa dəyər, yoxsa vətəndə qalmaq istəyirsən?
- Açığı, burda qalmaq həvəsindəyəm. Amma baxıram ki, heç kimə lazım deyiləm. Nə çağıran var, nə maraqlanan. Limit klubları da, bizi də çox çətin vəziyyətə salıb. Gözləyirəm, bəlkə kimsə xidmətimə ehtiyac duyar, təklif göndərər. Alınmasa, fevralda, ya da martda yenidən İsveçə gedə bilərəm. Çempionat apreldə başlayacaq. Gedəndə də demişdilər ki, qayıtmaq istəsən, problem yoxdu.
 

Klubsuzların çoxu Türkiyənin BAL liqasına üz tutur...
- Variant olsa, gedərəm. Bunun üçün əlaqələrin olmalıdı. Tanışın olmasa, çox çətindi.
 

Yeri gəlmişkən, İsveçdə komanda yoldaşlarınla, məşqçilərlə hansı dildə əlaqə qururdun?
- İlk dönəmlərdə bu baxımdan çətinlik çəkirdim. Tədricən İsveç dilini öyrənməyə başladım. Danışanları başa düşürdüm, fikrimi çətin də olsa, izah etməyə çalışırdım. İnsanıq da, harda qalsaq, mühitə öyrəşirik, dili mənimsəyirik. Elə də çətin dil deyil, başa düşmək olur.
 

Qaldığın bölgədə azərbaycanlılar çoxdu?
- Ora yeni gedəndə Elsəvərlə yaxınlıq edirdim. O da azərbaycanlıdı, 23 yaşı var, vaxtilə “Qəbələ”də olub, “Sumqayıt”da oynayıb. Amma o orda çox qalmadı. Birinci dövrədən sonra bizdən ayrıldı. Bildiyimə görə, futboldan uzaqlaşdı, atası başqa ölkədəydi, onun yanına işləməyə getdi (Futbol+).

Tarix: 11 Yanvar [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio