"Musaya dedim ki, Qurban Qurbanovla danış, səni xaricə göndərsin, burda itib-batacaqsan"

20:01 - 18 Oktyabr 2019

Azərbaycanın U-19 millisinin baş məşqçisi Samir Əliyev Azərbaycan Radiosunda maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların xaricə üz tutmamalarının səbəbini açıqlayıb:

 

“Kiçik oğlum futbola gedir, hələ zəifdir, 10-11 yaşı var. İndi əyləncə kimi baxır. Gələcəkdə istərdim ki, yoluna davam etsin, amma Azərbaycanda yox. Əgər gələcəkdə görsəm ki, potensiallı oyunçu olacaq, xaricə göndərməyə çalışaram. Sırf Azərbaycanda oynamasını istəmərəm. Qurban Qurbanovun oğlu olduğu üçün demirəm, Musa Qurbanlı çox potensiallı futbolçudur. Musa ilə fərdi söhbətimdə demişdim ki, atanla danış, əlaqələri varsa, səni göndərsin xaricə, burda itib-batacaqsan. İstedadlı futbolçularımız var, amma itib-batırlar.

 

Hamımız istəyirik ki, azərbaycanlı futbolçular xaricdə oynasın. Bu vəziyyət milli komandalara da böyük fayda verəcək. Problem odur ki, bizə futbol ölkəsi kimi baxmırlar. Bu gün eyni səviyyədə olan iki gənc – serb və azərbaycanlı futbolçular arasında seçim zamanı birinciyə üstünlük veriləcək. Serb olmasın, gürcü olsun, yenə də azərbaycanlı futbolçu götürülməyəcək. Biz Avropada futbol ölkəsi kimi tanınmamışıq və tanınmırıq da. Həm də bəzi futbolçularımıza çox gözəl şanslar düşüb, xaricə gediblər. Ancaq orada özlərini göstərə bilməyiblər”.

Xəbər xətti