Vüqar Həşimovu xatırlayarkən... - Elizabetin təsirli yazısı

15:22 - 20 May 2020

Hər şey yolunda getsə, bu gün mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2020” turniri başlamalıydı. Ancaq bütün fəaliyyət sahələrini iflic edən koronavirus xatirə turnirinə də mane oldu.

 

Sportal.az 2014-cü ildə beyin xərçənginə görə dünyasını dəyişən Vüqarın sevgilisi Elizabetin həmin ildə xarici mətbuatda dərc olunan təsirli yazısını təqdim edir...

 

“Vüqar tanıdığım ən gözəl insanlardan biridi. Aramızdakı güclü emosional bağ tez bir zamanda dərin sevgiyə çevrildi, biz sadəcə cütlük deyildik, eyni zamanda ən yaxşı dostlar idik. Bu günə qədər şahmat barədə bildiyim yalnız əsas qaydalardı və hələ bir normal oyun keçirməmişə. Şahmat münasibətlərimizdə heç vaxt böyük rol oynamayıb, ancaq Vüqarın uğurları, reytinqi onun şahmatda qeyri-adi istedada malik olduğunun göstəricisidi.

 

 

Bu sahədə peşəkar olmadığım üçün nə şahmat turnirlərini izləyir, nə də nəticələri dəyərləndirirdim. Vüqarın bu idman növündəki istedad və bacarığı ilə hər zaman fəxr edirdim, ancaq insan kimi müsbət keyfiyyətləri göstərdiyi şahmat oyunundan daha parlaq idi. Vüqar özündən çox başqalarının qayğısına qalan sakit bir insan idi. Möhtəşəm gözəllik və estetika hissi vardı, həyatın bəsit şeylərində sevinc tapa bilirdi – üzündə həmişə bir gülümsəmə olurdu. Onun üçün xoşbəxtlik digər insanları xoşbəxt etmək idi. Vüqarın geniş maraq dairəsi vardı, mədəni hər şeylə yaxın idi: şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürüdür, saatlarla musiqi dinləyir, mahnı sözlərini şərh edir, lətifələr danışır, öz kompüterində FIFA və tennis oynayırdı...

 

 

Beynində təkrarlanan bədxassəli şiş diaqnozu qoyulmazdan bir neçə həftə əvvəl o, çoxdankı arzusunu reallaşdırdı: pianinoda ifa etməyi öyrəndi. Həmin vaxtdan qısa müddət ərzində mənim üçün bir neçə dəfə “River flows in you” parçasını ifa etmişdi. Sevincim və coşqum diaqnozu öyrəndikdən sonra sürətlə şok vəziyyətinə çevrildi, yalnız onun mübarizə əzmi və nikbinliyi bunu yüngülləşdirə bilirdi. Hətta Vüqarın mənəvi və fiziki cəhətdən yükləndiyi zamanlarda belə, söykənəcəyim bir çiyni var idi.

 

Bonndakı xəstəxanada əməliyyata girmək üzrə olduğu anı xatırlayıram – o gülümsəyirdi. İki gün sonra reanimasiyadan palataya çıxanda da eyni şey idi: Vüqar yenə gülümsəyirdi. Onun təbiətini bu sözlərlə ifadə etmək olar: yumor, həyatsevərlik, açıqlıq və o, mənim yaddaşımda məhz belə qalacaq.

 

 

Vüqar, heç kimi sənin qədər sevməmişəm. Səninlə paylaşdığıma görə şərəf duyduğum saysız-hesabsız gözəl ana görə təşəkkür edirəm. Ürəyimdə həmişə mənimlə olacaqsan, atdığım hər addımda məni müşaiyət edəcəksən, xatirələrim gündəlik həyatımı bəzəyəcək və mənə güc verəcək. Çox sağ ol!” (futbolpress.az)

Xəbər xətti