“Mən bir il əvvəl “Krivbass”da işləyirdim. Səhv etmirəmsə, onda aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak oldu. Onlarla bərabər, 21 böyük adam da ölmüşdü. Doğrudur, üstündən nə qədər vaxt keçib, amma mən indi də xatırlayıram. Mən bunu demək istəyirdim. İndi isə suallara keçə bilərik”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Əvvəlki oyunlarla müqayisədə, bu gün nəyi dəyişdiz?
- Biz çox işləyirik, çalışırıq. Futbolçularımızın da əhval-ruhiyyəsi yaxşıdır. Hamı meydana çıxmaq, oynamaq istəyir. Belədə, işimiz daha da asanlaşıb. Burada bir məqam heyətlə bağlı qərar verməkdir. “Sumqayıt”la görüşdə yaxşı performans ortaya qoyduq. Qol epizodlarımız da çox idi. Böyük hesabla qazana bilərdik. Hətta buraxılan qoldan sonra reaksiya göstərdik. Mənim üçün önəmli məqam da budur.
- Bundan sonra sizi “Qarabağ”la ardıcıl iki oyun gözləyir. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan” klublarıdır. Həmin görüşlərə nə qədər özünüzü hazır hesab edirsiz?
- Futbolçulara da aprelin ağır ay olacağını bildirmişəm. Ardıcıl olaraq, güclü komandalarla qarşılaşacağıq. Əslində, bunun özü də əladır. Düzünü deyim, həmin matçları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Həmin oyunlarda uğurlu nəticələr qazansaq, hər şey daha da yaxşı olacaq.
- Emin Mahmudovun vəziyyəti nə yerdədir?
- Emindən gözləntim böyükdür. Yəqin ki, 1-2 günə məşqləri bərpa edəcək. O, bizim kapitanımızdır. Bilirsiz, kapitanla oyun bir cür olur, kapitansız bir cür. Yəni, meydanda idarəetmə baxımından Eminsiz çətinlik baş verə bilir. O, gün keçdikcə böyüyür.
- İddialı rəqiblərlə görüşlərdə xal qazanmaq çətindir?
- Bizim hər matça görə planımız var. Amma bu haqda nəsə deyə bilmərəm. Rəqiblərimizin zəif və güclü tərəfləri haqda məlumatlıyıq. Həm A, həm də B planımız olur.
- Ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” görüşündəki mübahisəli hakim qərarları haqda fikriniz necədir?
- Bilirsiz, elə olub ki, hakimlər bizim də xətrimizə dəyib. Amma başa düşürük ki, onlar da insandır, səhv edə bilərlər. Uduzan komanda üçün qərarlar da ağır gəlir. Mən daim öz gücümü də komandama həsr edirəm, digər amillərə çox da fikir verməməyə çalışıram. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.
Mirbağırağa
