"Sabah" və "Neftçi" klublarının Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki ilk matçlarının vaxtı və təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, hər iki komanda rəqiblərini avqustun 10-da Bakıda qəbul edəcək. Həmin gün həm də "Qarabağ" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin HİK-lə oyununa çıxacaq.
"Sabah"ın "Bank Respublika Arena"da "Partizan" önünə çıxacaq və görüşə saat 20:00-da start veriləcək. Oyunu gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Ona həmyerliləri Levan Varamişvili və Zaza Pipia kömək göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauridir.
"Neftçi"nin "Beşiktaş"la oyunu isə 21:00-da "Neftçi Arena"da keçiriləcək. Həmin matçı isə İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Lukas Fandrix baş, Conas Erni və Guillaume Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Lionel Tsçudi yerinə yetirəcək.