"Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur" - MÜSAHİBƏ

10:22 - 6 Oktyabr 2025

"Şəfa"nın futbolçusu İsmayil Zülfüqarlı Sportal.az saytına müsahibə verib. I Liqada komandası lider olan müdafiəçi bu mövsümkü hədəflərindən söhbət açıb.

- "Şəfa" 4 turdan sonra maksimum xal toplayaraq, vahid liderdir. Yəqin ki, mövsümün öncəsində məhz bu cür başlanğıcı özünüz də ehtimal edirdiz?

Məşqçilər korpusu bizim üçün yaxşı planlar qurdu. Mövsümə çox yaxşı hazırlaşmışdıq. Bunun da nəticəsində qalibiyyət əldə edirik. Təbii ki, indiki nəticələr bizi sevindirir. Yolumuza və işimizə davam edirik. 

- Geridə qalan 4 oyundan hansı daha çətin alındığını deyə bilərənsən?

Sözün düzü, bunu 2-ci dəfədi deyirəm, Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur. Bütün komandalar əzmkardır, yaxşıdır. Hesabların böyük olmağına baxmayaraq, belədir.

- Əsas rəqibiniz "Səbail" son turda xal itirdi. Yəqin ki, bu sizin üçün göydəndüşmə oldu?

- Təbii ki, rəqiblərimizdən biri də "Səbail"dir. Yaxşı kollektivə malikdirlər. İndiki anda bu xal itkisi bizə üstünlük vermir. Çünki hələ mövsümün əvvəlindəyik. Mövsüm uzundur və oyunlar çoxdur.

- 6-cı turda "Şəfa" - "Səbail" görüşü olacaq. Demək olar ki, çempionluq mübarizəsi elə bu iki komanda arasında gedəcək və həlledici məqam onlarla görüşlərdən sonra bəlli olacaq?

Hər iki komanda yaxşı və inamlı komandadır. Ancaq çempionatda yaxşı komandalar çoxdur. O oyunlar da həlledici olacaq. Bizim üçün hər bir matç vacibdir.

- Premyer Liqa, yoxsa I Liqa? Hansı daha çətin və ağır liqadır?

Premyer Liqanın səviyyəsi daha üstündür. Ancaq I Liqanın səviyyəsi də son illərdə çox artıb. Buna I Liqadan Premyer Liqaya gələn komandaların timsalında da demək olar. Yüksək liqaya bu mövsüm çıxmış "İmişli", "Qəbələ" və "Karvan-Yevlax"ı görürsüz, necə mübarizə aparırlar. 

Mirbağırağa

Xəbər xətti