Qışdan sonra yüksələn qrafiklə gedən "Neftçi" daha bir qələbə qazandı. "Sumqayıt"la oyunda əldə olunan 3 xal komandanın avrokuboklara vəsiqə uğrunda mübarizədə qalmasına şərait yaratdı.
Vernidub bu dəfə də hücumun mərkəzində Varqası oynatdı. Venesuelalı forvard yenə fəallığı ilə diqqət çəkdi, irəli xətdə özünü rahat hiss etdi. Emin Mahmudovun yoxluğunda start heyətdə yer alan Elvin Camalov da effektiv oyunla yadda qaldı. Sonradan daxil olan Murad Məmmədovun istəkli olması, Abubakarın vurduğu qol qələbəni rəsmiləşdirdi.
İlk baxışdan hər şey qaydasında getdi. Yuri Vernidub da oyundan sonra keçirilən mətbuat konfransında buraxılan qoldan sonra komandanın buna yaxşı reaksiya verdiyini bildirdi.
Deyəsən, ukraynalı mütəxəssis bir məqamı diqqətdən qaçırıb. Bəlkə də, analiz zamanı buna diqqət yetirəcək. "Neftçi" qol buraxandan sonra oyundan düşdü, təzyiq altından çıxmaqda çətinlik çəkdi. Komanda uzun çəkməyən periodda olsa belə, müəyyən sıxıntılarla üzləşdi. Həmin anlarda qol buraxsaydılar, geridönüşü çətin alınardı...
"Neftçi"ni qarşıda çətin oyunlar gözləyir. "Sabah", "Qarabağ", "Zirə" kimi rəqiblərlə üz-üzə gələcək. Həmin matçlarda periodik düşüşlər yaşansa, altından qalxmaq daha çətin olacaq. Düşünmək üçün əsas verən məsələdir.
Fikrət
saytlarin hazirlanmasi
