"Karvan-Yevlax"la görüş daha çox duellərlə keçdi. Belə olacağını da yaxşı bilirdik. Birəbir mübarizələr çox idi. Yaxşı başa düşürdük ki, aqressiv olsaq, qələbə qazana bilərdik. Yaratdığımız qol imkanlarının üçündən istifadə etdik və qazandıq. Buna görə də sevinirik. Fikrimcə, birinci dövrədə "Karvan-Yevlax"a qarşı oyun daha da çətin idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın müdafiəçisi David Santos deyib. Braziliyalı komandasının Misli Premyer Liqasının 14-cü turunda Yevlaxdakı qalibiyyətini şərh edib.
O, komandasının hazırda turnir cədvəlində 7-ci pilləsində qərarlaşması barədə də danışıb: "Təbii ki, hazırkı pillə ilə razı deyilik. Çünki qələbəyə yaxın olduğumuz oyunlar var ki, üst-üstə bəlkə 6 və ya 9 xal itirmişik. Son dəqiqələrdə qələbəni əldən verdiyimiz oyunlar da var idi. Düşünürəm ki, avrokuboklar haqqında düşünmək hələ tezdir. Oyunlar keçdikcə, bu haqda düşünəcəyik və sonda nə qədər irəli gedə biləcəyimizi görəcəyik".
Santos Misli Premyer Liqasının qış fasiləsinə qədər qalan iki tur barədə də fikirlərini bizimlə bölüşüb.
O, "Zirə" və "Araz-Naxçıvan"la matçlarda qalibiyyət şanslarını dəyərləndirib: "Hər iki matç da ağır olacaq. Amma biz həm "Zirə", həm də "Araz-Naxçıvan"la matçlarda qalib gəlmək istəyirik. Qarşıdakı iki həftəlik oyunları uğurlu başa vurmaq üçün yaxşı işləyəcəyik ki, qış fasiləsinə də uğurlu nəticələrlə yollanaq".
Mirbağırağa
