3 ildir ardıcıl Azərbaycan çempionu olan Ağdamın “Qarabağ" komandası həm də 3 mövsümdür ki, ölkəmizi Avropa Liqasının qrupunda təmsil edir. Bu gün həm səviyyə, həm də peşəkar idarəetmə baxımından “Qarabağ" şübhəsiz, Azərbaycanın 1 nömrəli komandası adını özəlləşdirib. İndi digər Azərbaycan klubları ilə müqayisədə maliyyə cəhətdən daha qayğısız görünən Ağdam təmsilçisinin pulsuzluqdan fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdiyi vaxtlar az olmayıb. Klubu “Azərsun Holdinq”in himayəyə götürməsindən sonra vəziyyət tədricən düzəldi. Bu gün “Qarabağ” ölkənin ən imkanlı klubudu. Bəs, necə oldu ki, “Azərsun" “Qarabağ"a sponsorluq etməyə qərar verdi? Bu haqda yazının gedişində məlumat verəcəyik. Əvvəl isə, illərdir ki, mübahisə mövzusu olan bir məqama toxunacağıq - “Qarabağ"ı kim yaradıb?
Elbrus Abbasov: “Komandanın “Qarabağ" adlandırılmasını təşəbbüskarı mən olmuşam"
Ağdam futbolu, “Qarabağ"la bağlı olan bir neçə insan var ki, “Qarabağ"ı mən yaratmışam" deyir. Onlardan biri Ağdam futbolunun tanınan simalarından olan, uzun illər bu komandanıçalışdırmış, eləcə də futbolçu kimi “Neftçi"nin şərəfini qorumuş Elbrus Abbasovdur. Elbrus müəllimlə bir müddət əvvəl Quzanlıdakı Uşaq Futbol Məktəbi ilə bağlı söhbət etmişdik. Söhbət əsnasında “Qarabağ" mövzusuna da toxunduq. Veteran futbolçu birmənalı şəkildə hazırkı “Qarabağ"ın yaradıcısı olduğunu bildirdi. Hətta bunun tarixçəsini danışdı: “Bu haqda çox yerdə məlumatlar gedib, çox insan bu haqda danışıb, bu ada iddia edib. Bəli, “Qarabağ"ın yaşamasında, ayaqda qalmasında çox insanın rolu olub. Amma komandanın yaradıcısı mənəm. “Neftçi"də futbolçu karyeramı başa vurandan sonra ailə qurdum və SSRİ vaxtı mərhum prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin Bakıda mənə verdiyi mənzildə yaşamağa başladım. Ötən əsrin 80-ci illərinin sonunda Qarabağda məlum hadisələr başlayanda Ağdama köçdüm. “Qarabağ"a qədər Ağdamda müxtəlif ad altında bir neçə komanda fəsliyyət göstərib. Öncə “Şəfəq" yaradılıb. Sonradan isə bu ad dəyişdirilib “Koorperator" edilib. Yadımdadır, o vaxt “Koorperator" ölkə çempionatının vacib oyununda Ağdamda Sabirabadın “İnşaatçı" komandasını qəbul edirdi. Oyunu izləmək üçün Ağdam rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev stadiona gəlmişdi. Elə oldu ki, “”İnşaatçı”ya 1:2 hesabıyla uduzdq. Oyundan sonra belə qərar gəlindi ki, rayonda yeni, güclü komanda yaratmaq lazımdır. Komandanın “Qarabağ" adlandırılması təşəbbüsünü irəli sürdüm".
Elbrus müəllim deyir ki, o vaxt istəklərini həyata keçirmək asan olmayıb. Komandaya “Qarabağ” adının verilməsi üçün şəxsən özü Bakıya gəlib. Çünki yeni mövsümün startına kimi, bu adı təsdiqləmək lazım imiş: “Çox maneələrlə üzləşdik. “Yuxarılar"dan bizə dedilər ki, Xankəndidə “Qarabağ" adında komanda var, bu adla ikinci komanda nəyə lazımdır? Lakin israr elədim ki, Ağdamda da “Qarabağ" olmalıdır. Xeyli əziyyətdən sonra istəyimizə çatdıq və 1988-ci ildə hazırkı “Qarabağ"ı yaratdıq. Bir daha deyirəm, bu komandanın yaranması, onun “Qarabağ" adlandırılması birbaşa mənim təşəbbüsümlə olub".
Yeri təsis edilən “Qarabağ"ın ilk baş məşqçisi Elbrus müəllim olub və komanda o vaxt həm Azərbaycan çempionu adını, həm də respublika kubokunu qazanıb. Yekunda SSRİ çempionatının II dəstəsinə vəsiqə əldə edib. Yalnız bundan sonra komandaya daha təcrübəli bir məşqçi lazım olub və 1991-ci ildə Ağasəlim Mircavadov “Qarabağ”ın başına keçib. Elbrus müəllim deyir ki, Mircavadovun baş məşqçi postuna gətirilməsi də onun təşəbbüsü olub. Çünki Ağasəlim müəllimi öz yerinə ən layiqli namizəd kimi görürdü. Yeri gəlmişkən, Elbrus Abbasovla Ağasəlim Mircavadav uzun müddətdir ki, yaxın dostdurlar. Onların tanışlığı Gəncədən - “Kəpəz"də oynadıqları vaxtlardan başlayıb.
Adil Nadirov: “Peşəkar klub kimi “Qarabağ"ı 1987-ci ildə mən yaratmışam"
“Qarabağ"ı mən yaratmışam" iddiası ilə çıxış edənlərdən biri də Adil Nadirovdur. Azərbaycan futbolunu yaxından izləyən, milli çempionatlarmızı ilk illərdən təqib edənlər Adil Nadirovu yaxşı tanıyırlar. Əlbəttə, Adil müəllimin “Qarabağ" üçün etdikləri, komandanın çətin dönəmlərində ayaqda qalmasında əməyi böyükdür və bunu heç kim dana bilməz. Bir misal çəkək, məhz o, 2001-ci ildə hazırkı sponsor “Azərsun" şirkətinin sahibi Abdolbari Gözellə danışıqlar apardı və həmin vaxt maliyyə burulğanında boğulan “Qarabağ" xilas edildi. Bu haqda bir qədər sonra. Əvvəlcə Adil Nadirovun “Qarabağ"ı necə yaratmasından bəhs edək. Xatırladaq ki, bu haqda Adil Nadirovun fikirləri “Qarabağ"a həsr olunmuş “Qarabağ-20" kitabında dərc edilib: “...Peşəkar klub kimi “Qarabağ"ı 1987-ci ildə mən yaratmışam. “Qarabağ" komandası ləğv olunmuş, Ağdamda “İaşəçi" (“Kooperator - red”.) yaradılmışdı. Mən də futboldan uzaqlaşmışdım. Avtomobil ehtiyat hissələri mağazası açmışdım. Günlərin birində Nadir İsmayılov (o zaman İctimai İaşə Birliyinin müdiri işləyirdi, sonra Ağdamın icra başçısı olub - red.) məni çağırıb dedi ki, bir komanda yaradıb, güclülər dəstəsində oynada bilərsənmi? Beləliklə, 1987-ci ilin payızında İsmayılovun təklifiylə “Qarabağ"ı yaratdıq. Uşaqıları yığdıq, 1988-ci ildə respublika çempionu olub SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandıq. İki il də orada oynadıq. 1990-cı ildə respublika çempionu olduq, kuboku da aldıq...".
Yazının girişində qeyd etmişdik ki, “Azərsun"un “Qarabağ"ı himayəyə götürməsindən bəhs edəcəyik. Mövzu ilə bir o qədər əlaqəsi olmasa da, maraqlı əhvalatdı və buna cəmi 1 abzas ayırmağa dəyər. Necə oldu ki, “Azərsun" “Qarabağ"ı himayəyə götürdü? “Qarabağ"ın maliyyə çətinlikləri ilə üzləşdiyi bir vaxtda Adil Nadirova xəbər çatıb ki, “Azərsun" şirkəti “Şəfa"nı himayəyə götürür, Fuad Musayevlə müqavilə bağlamaq istəyir. Fürsətdən istifadə edən Adil müəllim “Azərsun"da bu işlərlə məşğul olan Rəfael müəllimlə görüşüb. Adil Nadirovun xatirələrindən: “Rafael müəllimi tapıb dedim ki, onsuz da “Şəfa"nın sahibi var, futbola kömək etmək istəyirsinizsə, “Qarabağ"ı götürün. İşğal olunmuş rayonu təmsil edir. Dedi ki, rəhbərliklə məsləhətləşim, sonra cavab deyərəm. Tezliklə məni Bakıya görüşə çağırdılar. Abdolbari Gözellə görüşdüm. 2000-ci ilin axırı, 2001-ci ilin əvvəli idi. Dedi ki, get futbolçuları yığ, “Qarabağ" yaşayacaq. Həmin gündən komandanı yığdım və “Qarabağ"ın problemsiz günləri başladı. Adını çəkdiyim şəxslə yanaşı, Aqil Abbas da həmişə komandaya mənəvi dayaq olub... İndi yalnız bir arzum var: “Qarabağ"ı Ağdama aparmaq... Mikrafonu götürüb deyim ki, gözünüz aydın, komanda yurduna qayıtdı, mənim də qeyrətim buna çatdı..."
Hacı Əkbər Rüstəmov: “Yuxarı"lardan cavab gəldi ki, Xankəndinin “Qarabağ" komandası var, 2-ci “Qarabağ"a ehtiyac yoxdur"
Fikirlərinə yer ayırdığımız hər 2 şəxs, əsas da Adil Nadirov “Qarabağ" üçün çox işlər görüb, bunu danmaq insafsızlıq olar. Elbrus müəllimlə söhbətdən, Adil Nadirovun xatirələrini oxuduqdan sonra SSRİ dövründə komandaya yaxın olan bir neçə nəfərin fikirlərini öyrəndik. Məqsəd kimin haqlı, kimin haqsız olmağını müəyyənləşdirmək idi. Həmsöhbətlərimizdən əksəriyyəti “Qarabağ"ın yaradıcısı kimi fərqli ad çəkdilər - Hacı Əkbər Rüstəmov. Hacı Əkbərin adı futbol ictimaiyyətinə, ən çox da müasir nəslin nümayəndələrinə tanış olmaya bilər. Lakin Ağdam camaatı, yaşlı nəslin nümayəndələri onu həm futbol adamı, həm də müharibə veteranı kimi yaxşı tanıyırlar. Hacı Əkbər Rüstəmov kimdir? Onu tanımayanlar üçün qısa məlumat: Əkbər Rüstəmov 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Sənaye Pedaqoji Texnikumunu bitirərək, 1967-69-cu illərdə Sovet Ordusunda xidmət edib. Gənc yaşlarında basketbol, idman gimnastikası və güləşlə məşğul olub. 1971-ci ildə Ağdamda 50 nömrəli peşə məktəbində müəllim işləməyə başlayıb. Qarabağ uğrunda gedən döyüşlərdə 3 oğlu ilə birlikdə vuruşub, 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov 1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Əkbər müəllim haqqında çox yazmaq olar. Amma bu dəfə “Qarabağ"ın yaranmasında onun rolundan bəhs edəcəyik. Ümumiyyətlə, Ağdam futbolunun tarixi 1951-ci ilə gedib çıxır. O vaxt Ağdam şəhər stadionu tikilib istifadəyə verildikdən sonra rayonda futbol komandasının yaradılması məsələsi gündəmə gəlib. Qısa zamanda belə bir komanda hazırlanıb və “Məhsul" adlandırılıb. “Məhsul"un ən yaxşı göstəricisi respublika çempionatında 2-ci yer olub. 1968-ci ildə baxımsızlıq üzündən komanda fəaliyyətini dayandırıb. Ağdamı respublikada təmsil edən növbəti komanda “Şəfəq" olub. “Şəfəq"in yaradanlardan biri məhz Əkbər Rüstəmov olub. Əkbər müəllimin peşə məktəbində yaratdığı komanda 1973-76-cı illər aralığında respublika peşə məktəbləri arasında keçirilən futbol yarışlarında birinci yeri tutub, 1976-cı isə SSRİ birinciliyində 4-cü olub. 1977-ci ildə respublikada yüksək liqaya çıxmaq üçün A, B qrupu yaradılıb və hər rayonun öz futbol komandasının hazırlanması məsələsi ortaya çıxıb. O zaman Əkbər Rüstəmov rayon komsomol təşkilatının 2-ci katibi Tofiq Babayevə belə bir komandanın yaradılması təşəbbüsü ilə müraciət edib və onun razılığını alıb. Beləcə, 50 nömrəli peşə məktəbinin direktoru Fazil Nağıyevin köməkliyi ilə məktəbin nəzdində “Şəfəq" komandası yaradılıb. Komandaya məktəbin şagirdləri ilə yanaşı, kənardan futbolçular cəlb olunub. Məsələn, Adil Nadirov, rəhmətlik Eldar Bağırov, Yusif Əsədov, Ənvər Axundov, Nadir Əsgərov kimi fəallar komandada təmsil olunublar. 1979-cu ildə Fazil Nağıyev başqa vəzifəyə təyin olunub və komanda Əkbər müəllimin ümidinə qalıb. O, komandanı təkbaşına saxlaya bilməyib. Məktəbin yeni direktoru ilə razılaşdırıldıqdan sonra “Şəfəq" “Kooperator" adlandırılıb. Daha sonra komanda “Şampan Zavodu"nun himayəsində olub. 1980-ci ildə şəxsi işləri ilə əlaqədar komandadan ayrılın Əkbər müəllimlə söhbətimizdə komandanın o vaxt nəyə görə “Qarabağ" adlandırılmamasının səbəblərini soruşduq. Əkbər müəllim bunu Xankəndidə bu adda komanda olması ilə əlaqələndirdi: “Şəfəq"in yaradılmasının təşəbbüskarı mən olmuşam. Amma digər insanların da əməyini danmaq olmaz. Məsələn, Fazil Nağıyev “Şəfəq"in yaranmasında çox əziyyət çəkib, komandanın varlığı üçün əlindən gələni edib. Əvvəl komandanın “Qarabağ" adlandırılmasını istəyirdik. Lakin “yuxarı"lardan cavab gəldi ki, Xankəndinin “Qarabağ" komandası var, 2-ci “Qarabağ"a ehtiyac yoxdur. Yenə də mənim təklifim ilə komanda “Şəfəq" adlandırıldı. 1980-ci ildə şəxsi işlərimlə bağlı komandadan ayrıldım, komandanı rəhmətlik Ramiz Şahməmmədova təhvil verdim. Sonradan komanda “Kooperator" oldu. Ta ki, 1987-ci ilə kimi. Həmin ildən komandaya “Qarabağ" adı verildi. Komandanın adının dəyişdirilməsinin təşəbbüskarının kim olduğunu deyə bilmərəm. Bildiyim budur ki, “Qarabağ" havadan yox, bizim yaratdığımız “Şəfəq"in bazasında yaradılmışdı. Yəni, komandada sadəcə ad dəyişikliyi olmuşdu".
Hər 3 şəxsin fikri ilə tanış olduqdan sonra belə qənaətə gəlmək olar ki, “Qarabağ" əsası 1977-ci ildə Əkbər Rüstəmov tərəfindən qoyulan “Şəfəq"in bazasında yaradılıb. Yazıda göstərildiyi kimi “Şəfəq" sonradan “Kooperator" adlandırılıb. “Kooperator" isə 1987-ci ildə “Qarabağ"a “çevrilib". “Qarabağ" adanın komandaya kimin tərəfindən verilməsinə gəlincə isə... həm Elbrus Abbasov, həm də Adil Nadirov bunun təşəbbüskarı olduqlarını söyləyir. Kimin haqlı, kimin haqsız olduğunu demək çətindir. Dəqiq bildiyimiz budur ki, kimin və necə yaratmasından asılı olmayaraq, “Qarabağ" bu gün təkcə Ağdamın deyil, bütün Azərbaycanın komandasıdır.
“Het-trik news" qəzeti