21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçiləri tam tərkibdə müəyyənləşməyib.
Sportal.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olacaq. Qapıçılarla işləyən məşqçi isə serbiyalı Draqoslav Poleksiç olacaq.
Obradoviçin digər köməkçisi isə ukraynalı Roman Kojuxovski olmalı idi. Lakin onun təyinatı baş tutmaya bilər. Belə ki, Estoniyanın "Nomme Kalyu" klubunun əvəzedici komandasına başçılıq edən mütəxəssisi rəhbərlik buraxmır. Obradoviç isə Kojuxovskiyə 1 həftə vaxt verib. Əgər ukraynalının gəlişi alınmasa, serb mütəxəssis başqa variantlara baxacaq.
Milan Obradoviç ötən gün Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ" - "Neftçi" matçını da izləyib. 42 yaşlı mütəxəssis Premyer Liqa matçlarında U-21 millisinin üzvlərinin az oynamasına görə narahatdır. Serb mütəxəssis sabahdan I Divizionun görüşlərini izləyəcək.
saytlarin hazirlanmasi