Vüqar Məmməd: "Çatışmayan cəhətlərimizi üzə çıxardıq"

00:04 - 18 Fevral 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd şotlandiyalı həmyaşıdları ilə keçirilmiş yoldaşlıq oyunundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

"İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi. Çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim".

 

Vüqar Məmməd toplanış barədə də fikirlərini bölüşüb:


"Bu təlim-məşq toplanışı komanda üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq". 

 

Qeyd edək ki, U-19 millimiz ilk yoxlama görüşündə İspaniyaya 0:2 hesabı ilə məğlub olub, ikinci matçda isə İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandasını 6:1 hesabı ilə üstələmişdi.

Xəbər xətti