PFL rəhbəri çempionatın bərpası ilə bağlı mümkün tarixləri açıqladı

18:18 - 7 Aprel 2020

İspaniya Peşəkar Futbol Liqasının rəhbəri Xavyer Tebas koronavirusa görə dayandırılan çempionatlarla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi mayın 29-u, iyunun 6-sı və iyunun 28-də La Liqa və Sequndanı bərpa etmək istədiklərini deyib:

 

"Meydanlara qayıtmaq istəyirik. Əgər mayın 29-da çempionatı bərpa etsək, Çempionlar Liqası və Avropa Liqası iyulda keçiriləcək. İyunun 6-da çempionatlar başlasa, iyulun 31-dək tamamlanacaq. Əgər iyunun 28-i yarışı bərpa etsək, Çempionlar Liqası avqusta qədər uzanacaq. Təbii ki, hər şey COVID-19-un necə davam edəcəyindən asılıdır. Bunlar gələn mövsümün təqviminə də təsir edəcək. La Liqanı ləğv etmək fikrimiz yoxdur. Oyunları azarkeşsiz keçirməyə davam etmək istəyirik".

 

57 yaşlı funksioner La Liqanın tamamlanmayacağı halda, böyük maliyyə itkisinə məruz qalacaqlarını bildirib:

 

"La Liqanı azarkeşsiz davam etdirsək, gəlirsək 350 milyon avro azalacaq. Əgər bundan sonra oyunlara azarkeşlər gəlsə, zərər 2 dəfə aşağı enər. La Liqada yayım hüquqları ümumi gəlirlərin 90 faizini təşkil edir. Matçları davam etdirməsək, aldığımız pulun 18 faizini geri verməliyik".

 

Tebas futbolçuların məvacibi məsələsinə də toxunub:

 

"Hamı indi pul itirir. Futbolçuların maaşlarının aşağı salınmağı normaldır. İspaniyada hazırda bununla bağlı ümumi qərar yoxdur. Sequnda və La Liqada 8 klub məvacibləri aşağı saldığını açıqlayıb. Növbəti günlərdə bütün klubların məvacibləri endirmələri üçün protokol hazırlayacağıq. İspaniya futbolu maliyyə cəhətdən müstəqil olmalı, dövlətdən yardım istəməməlidir".

Xəbər xətti