Yeni yaradılan Avropa Super Liqasının prezidenti Florentino Peres turnirlə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, "Real"ın rəhbəri olan ispaniyalı funksioner bu turniri yaratmaqlarının səbəbini açıqlayıb:
“Koronavirus pandemiyasına görə İngiltərə, İspaniya, İtaliya kimi ölkələrin böyük klubları ciddi maliyyə itkiləri yaşadılar. “Real”ın zərəri 400 milyon avroya yaxın oldu. Nəsə etməli idik və yeganə yol rəqabəti artıran oyunlar idi. Çempionlar Liqasında yarımfinaldayıq və bizi turnirdən kənarlaşdıra bilməzlər. La Liqada da yolumuza davam edəcəyik. Futbolçuların milli komandalara buraxılmaması ehtimalı yoxdur. Bunu açıq şəkildə deyirəm.
Çempionlar Liqasının formatı dəyişdirildi və yeni sistem 2024-cü ildən tətbiq ediləcək. Biz isə o vaxta qədər ölərik. Maliyyə durumu əvvəlki kimi deyil, gəlirlər azalıb. Gənclər artıq futbola maraq göstərmir. Onlar daha çox "PlayStation" oynayırlar.Futbolun onlar üçün çox uzun göründüyünü söyləyirlər. Belə düşünürlərsə, matçları daha maraqlı etməyimiz lazımdır. Bəlkə də qarşılaşmaları qısaltmaq barədə düşünməyə dəyər. Futbolu ayağa qaldırmaq üçün nəsə etməli idik. Super Liqanın yaradılışı dünya futbolunu xilas edə bilər. Bizim əsas məqsədimiz elə budur, UEFA-nın kuklası deyilik.
Qısa müddətdə turnirə başlamaq fikrindəyik. Böyük oyunlar futbolu xilas edə bilər. UEFA və FIFA ilə danışacağıq. UEFA-nın yeni formatı böyük gəlirlər üçün yetərli deyil. Onların bizə niyə qıcıqlandıqlarını anlamıram. Onların yeni formatını kimsə başa düşmür. 2024-cü ildə biz öləcəyik. UEFA sakit və şəffaf olsun, çünki yaxşı imicə sahib deyillər. Rəqabət daha yüksək olsa, bir o qədər maraqlı olacaq. UEFA prezidenti Aleksander Çeferin "Yuventus"un rəhbəri Andrea Anyellini təhqir etdi. Bizə belə rəhbər lazım deyil".
Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.
saytlarin hazirlanmasi