"Barselona"dan ayrılan Lionel Messinin mətbuat konfransl keçirilib.
Sportal.az xəbər verir ki, argentinalı ulduz klubla vidalaşıb:
"Nə danışacağımı bilmirəm. Bu günlərdə nə deyəcəyim barədə çox düşündüm. Əslində, alınmadı, mən depressiyaya düşdüm. Uzun illərdən sonra burada yaşadıqlarımdan sonra ayrılmaq mənim üçün çətindir. Buna hazır deyildim. Bunun həqiqətən baş verdiyinə inanmıram. Keçən il ayrılmaq istəyirdim, amma indi qalmaq, evimdə yaşamağı düşünürdüm. Ən çox arzuladığım bu idi. Ailəm də, mən də qalacağımızı düşünürdük. Klubdan ayrılmaq həyatımı tamamilə dəyişdirəcək. Burada hər şey çox gözəl idi, amma bu gün vidalaşmalıyam. "Barselona"ya gələndə 13 yaşım var idi və 21 ildən sonra həyat yoldaşım və üç uşağımla buranı tərk edirəm. Bura bizim evimizdir.
Komanda yoldaşlarıma və klubdakı insanlara hər şey üçün təşəkkür edirəm. Burada hər kəsə təvazökarlıq və hörmətlə yanaşmağa çalışmışam. Ümid edirəm ki, insanlar nəinki kubokları, həm də klub üçün etdiklərimi xatırlayacaqlar. Birlikdə çoxlu yaxşı və pis şeylərdən keçdik, amma bu, məni böyütdü. "Barselona" üçün hər şey etdim.
Son alqışları eşitmək istərdim. Pandemiya zamanı darıxdım və sonuncu dəfə adımı qışqırmaqlarını eşitməyi arzuladım. Bu, yaxşı vida olardı. Ancaq fərqli oldu və uzun illər mənə dəstək olduqları üçün onlara təşəkkür edirəm. Həmişə bu klubun dəstəyini, sevgisini hiss etmişəm. Ümid edirəm ki, istənilən halda "Barselona"ya qayıdacağam. Ümid edirəm ki, klubun böyük gələcəyinə töhfə verə bilərəm. Yəqin demək istədiklərimin çoxunu unutmuşam, amma yaxşı vəziyyətdə deyiləm. Bütün dünyaya təşəkkür edirəm.
Maaşımı 50 faiz azaltdım və məndən başqa heç nə istəmədilər. Bundan sonra maaşımın 30 faizindən imtina etməyimi istədikləri barədə şayiələr yalandır. Bu, doğru deyil. Əlimizdən gələni etdik, amma qala bilmədim. "Barselona" ilə heç bir problemimiz yox idi. Klubla bütün detallar barədə razılığa gəldik, tam anlaşma vardı, fikir ayrılığı yox idi. Ancaq La Liqanın qaydalarına görə, bunun mümkün olmadığı ortaya çıxdı".
saytlarin hazirlanmasi