Azərbaycan millisinin sabiq üzvü: "Portuqaliya Bakıda bizə qarşı çox çətinlik çəkmişdi"

16:18 - 9 Sentyabr 2021

Azərbaycan milli komandasının şərəfini qorumuş Vüqar Nadirov Sportal.az saytına açıqlama verib.

O, milli komandamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlar barədə danışıb. Veteran futbolçu millinin Portuqaliyaya qarşı keçirdiyi matç haqda bunları deyib:

“Portuqaliya Azərbaycanla oyunun favorit idi. Bu öncədən bilinirdi. Lakin istənilən komandaya qarşı oynamaq olar. Çünki bütün komandalar rəqibinə oynamağa imkan yaradır. Portuqaliya da həmçinin. Maksim Medvedev və Bədavi Hüseynovun olmaması da çətin idi. Uduzsaq da, futboldu, həyat davam edir. Millimizə uğurlar arzu edirəm. Portuqaliyaya qarşı səfərdə necə oynadı, xatırlayırsınız. Turində yaxşı oynamışdıq. Sadəcə rəqib Portuqaliyadı, çox güclü komandadı. Kriştiano Ronaldonun olmaması? Komandanın lideridi, kapitanı. Amma Portuqaliyanın digər futbolçuları istəyirdi yaxşı oyun göstərsin. Ronaldonun olmaması Portuqaliya üçün böyük itkidi”.

Nadirov Lüksemburq və İrlandiya səfərindən cəmi 1 xalla dönməsi haqda isə bu sözləri deyib: “Səfərdəki 2 oyundan 4 xalla gələ bilərdik. Sadəcə baş məşqçinin öz fikri, yanaşması var. Ona da hörmətlə yanaşırıq. Çünki hər şeyə cavabdeh baş məşqçidi. Kim istəməzdi ki, 6 xalla gəlsin, ya 4 xalla? 4 xalla gəlib Portuqaliyaya qarşı daha motivasiyalı çıxardı. Futboldur da, qismət. Baş məşqçiyə də, komandamıza zaman lazımdı. Futbolu gəlir, 10 gün birlikdə olur, sonra qayıdır”. 

AÇ-2008-in seçmə mərhələ oyunu zamanı Portuqaliyaya Bakıda 0:2 hesablı məğlubiyyətin iştirakçısı olmuş, hazırda “Time out” uşaq futbol məktəbinin yaradıcısı həmin oyunu belə xatırlayıb: “Portuqaliya Bakıda bizə qarşı çox çətinlik çəkmişdi. Rauf Əliyev qırmızı vərəqə də almışdı. Həmin vaxtı millidəki bütün futbolçular mütəmadi olaraq oynayırdı, bir-birimizi gözübağlı başa düşürdük. Milliyə gələndə də bir-birimizi çox yaxşı anlayırdıq. Sadəcə o dövr başqa, indiki başqadı. Keçmiş keçmişdə qalıb, irəliyə baxmalıyıq”.

 

Xəbər xətti