Siyasət Əsgərov: "Məğlub olsaq da, bu oyundan nəticə çıxaracağıq"

00:18 - 18 Sentyabr 2021

"İlk oyunlar həmişə çətin olur. Qarşılaşmanın qrupun lider komandasına qarşı olması məsuliyyətimizi daha da artırmışdı. Rusiyanın son bir neçə oyununu izləmişdik. Necə oynadıqlarını bilirdik. Daha çox bunun üzərində çalışmışdıq".

 

Sportal.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Rusiyaya 0:2 hesabı ilə uduzduqları 2023-cü il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis komanda olaraq oyun planında ilk hissədə düzgün oynadıqlarını bildirib: "Amma rəqib getdikcə təzyiqi artırdı. Təəssüf ki, ilk hissənin sonlarında buraxdığımız bir səhv qolla nəticələndi. Belə demək mümkünsə, Rusiya millisi hücumlarının kəsərini artırmaqla bizi səhv etməyə məcbur etdi. Fasilədən sonra oyunda dönüş yaratmaq istəyirdik. Rəqib isə daha çox təzyiq edərək oyunu meydanın bizə aid hissəsində keçirməyimizə səbəb olurdu".

 

Əsgərovun sözlərinə görə, rusiyalı futbolçular ikinci qolda qapıçının qarşısını kəsərək zərbə anını görməsinə mane oldular və istəklərinə çatdılar: "Məğlub olsaq da, bu oyundan nəticə çıxarıb, buraxdığımız səhvləri Danimarka millisi ilə matçadək aradan qaldırmağa çalışacağıq".

Xəbər xətti