Milan Obradoviç: "Qələbə qazanmaq üçün vaxtımız çatmadı"

00:52 - 9 Oktyabr 2021

“Komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib. O, komandasının 1 xal qazandığı görüşü belə şərh edib: 

 

"Fasilədən sonra bir müddət oyuna rəqib nəzarət etdi. Ancaq sonradan toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Futbol elə oyundur ki, sən qol vurmasan sənə qol vuracaqlar. Təəssüf ki, belə də oldu, qapımızdan qol buraxdıq. Nəticədə son dəqiqələrdə hesabı bərabərləşdirsək də, qələbə qazanmaq üçün vaxtımız çatmadı. Hətta bərabərlik qolundan sonra meydana ikinci hücumçunu buraxdım. Meydanda hər iki komanda texniki-taktiki mübarizə apardı. Sonacan dəstək olduqlarına görə azarkeşlərə təşəkkürümü bildirirəm”.

Xəbər xətti