"Bizim qrupda komanda şəklində ən çox boşluqlar verən yığma Serbiyadı"

16:10 - 14 Oktyabr 2021

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində 7 oyun keçirib və hesabında cəmi 1 xal var. 

 

Bəs bu heyətlə daha çox xal toplamaq mümkün idimi? 

 

Sportal.az xəbər verir ki, yığmamızın sabiq üzvü, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Fanat.az-a açıqlamasında millimizin hazırki heyətinin potensialını qiymətləndirib.

 

"Futbol baxımından səviyyəli ölkələrdən sayılmadığımız sirr deyil. Hansı qrupa düşməyimizdən asılı olmayaraq, "istənilən qrupdan mütləq çıxacağıq" demək düzgün olmazdı. Özümüz özümüzü aldada bilərik. Bu heyətlə yalnız püşkə arxalana bilərik. Məsələn, qrupda biri güclü yığma, digərləri isə öz səviyyəmizə yaxın ölkələr düşsə, həə, onda qrupdan çıxmaq mümkün ola bilər. 

 

UEFA Millətlər Liqasında uğur qazanmaq daha realdır. Qruplarda eyni səviyyədə olan millilər iştirak edir. Amma daha mötəbər yarışların seçmə mərhələsində isə dediyim kimi ümid qalır püşkə. Bəxt amili olmalıdır ki, azarkeşləri qane edəcək oyun sərgiləyək. Sözsüz ki, futbol elə idman növüdür ki, istənilən nəticə ola bilər, amma  İngiltərə və Almaniya kimi millilər bizim qrupa düşsə, ordan çıxmaq şansımız ola bilməz."

 

48 yaşlı veteran futbolçu millimizin son iki oyunu - Serbiya (1:3) və İrlandiya (0:3) ilə görüşlərini də şərh edib:

 

"Bu qrupda daha yaxşı nəticələr əldə etmək olardı. Elə oyunlar oldu ki, rəqibin təzyiqi altında "boğulmadıq". Elə görüşlər oldu ki, ordan yaxşı nəticə ilə ayrılmaq olardı. Serbiya ilə hər iki oyunda məğlub olduq. Gəlin rəqib futbolçuların çıxış etdikləri çempionatlara bir nəzər salaq: İspaniyadan "Real Madrid", "Valensiya", "Sevilya"; İtaliyadan "Latsio", "Fiorentina", "Torino", "Sassuolo"... Komandada İngiltərə, Niderland və Almaniyada belə oynayan futbolçular var.

 

Amma onların qrupda komanda şəklində oyunlarına gəldikdə isə düşünürəm ki, ən zəif komandalardan biri də elə Serbiya millisidir. Bu, mənim fikrimdir və bir çoxlarına gülünc gələ bilər. Qrupda komandanın yığdığı xal sayına baxsaq, bu dediklərimə görə məni bəlkə də qınaya bilərlər. Mən onların oyunlarını izləyirəm, inanın, bizim qrupda komanda şəklində ən çox boşluqlar verən yığma Serbiyadır. Komandada top çempionatda çıxış edən futbolçularla Azərbaycana qarşı 5-li müdafiə ilə oynayırsan, bununla belə çoxlu qol imkanları verirsən və hələ qol da buraxırsansa, bu, artıq komandada olan boşluq deməkdir. Onların uğurunun açarı futbolçuların fərdi ustalıq səviyyəsinin olmasıdır. Serbiya ilə daha yaxşı nəticə göstərmək olardı.

 

İrlandiya ilə oyunda isə rəqibin bizdən üstün olmasına baxmayaraq birinci oyundakı nəticəni qoruyub saxlamaq olardı.

 

Qeyd edim ki, milli olaraq daha yaxşı nəticələr göstərmək istəyiriksə, futbolçularımız daha rəqabətli, daha yüksək səviyyəli çempionatlarda çıxış etməlidir. Bu templə biz yalnız bir oyunluq nəticələrlə kifayətlənə bilərik."

 

Xatırladaq ki, Azərbaycan yığma komandası DÇ-nin seçmə mərhələsində son oyununu noyabrın 11-də öz meydanında Lüksemburq millisinə qarşı keçirəcək.

Xəbər xətti