Canni De Byazi: "Müqavilə barədə danışmağın mənası yoxdur"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilən oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötyürmə verdik. İkinci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və iki yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik.

 

Toral Bayramovla Abbas Hüseynovun heyətdə olmaması yığmanın çıxışına təsir etdi. Hər ikisi aparıcı futbolçudur. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır.

 

Milli komanda rəhbərliyim altında 19 oyun keçirib. Bu, nə çoxdur, nə də azdır. Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də, kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burda əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur.

 

Oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmaq tamam fərqlidir. Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydançamızda üç qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır.

 

Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam”.

 

İtaliyalı mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə görməsinə də toxunub:

 

“Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı”.

Tarix: 12 Noyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio