Fiziki mədəniyyətin, idmanın inkişafı - LAYİHƏ

23:26 - 27 Noyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XXI YAZI

 

Müxtəlif fəaliyyət sahələri  üzrə insan potensialının aşkarlanma dərəcəsi kimi müəyyən edilə bilən mədəniyyət anlayışında idman, fiziki tərbiyə amili getdikcə daha mühüm rol oynamağa başlayır. Bu da səbəbsiz deyil. Məlumdur ki, mədəniyyət maddi və mənəvi fəaliyyətin nəticələri ilə ifadə edilir. Bu kontekstdə insan mənəvi və maddi dəyərlərdə möhkəmlənmiş mədəniyyəti öyrənir, həmin əsasda ictimai fəaliyyət göstərir. Deməli, mükəmməl insanın formalaşdırılması üçün əlverişli mənəvi və maddi dəyərlər yaratmaq lazımdır. Bunun əsas yollarından biri də məhz təkmil fiziki tərbiyə, fiziki və mənəvi güc aşılayan idmadır.

 

O da dünya təcrübəsində isbatını tapmış həqiqətdir ki, mühit mədəni dəyərlərin daşıyıcısı kimi mədəniyyətin inkişafı üçün zəruri olan yeni dəyərlər də yaradır. Bu mənada cəmiyyətin tərəqqisinə xidmət edən mühitin formalaşdırılması bu gün hər bir ölkə üçün ümdə önəm kəsb edir. Yenə belə mühitin formalaşmasında idman və fiziki tərbiyə əsas rollardan birini ifa edir.  Təsadüfi deyil ki, inkişafgöstəriciləri yüksək olan ölkələrə, cəmiyyətlərdə idman, fiziki tərbiyə amili daim ön planda gəlir. Bu, həm də fiziki mədəniyyət göstəricisinin davamlı yükək olması ilə müşayiət edilir. Fiziki mədəniyyəti bəşər mədəniyyətinin üzvi hissəsidir, onun xüsusi müstəqil sahəsidir.

 

Eyni zamanda, o, insan fəaliyyətində şəxsi təkmilləşdirmənin mifik prosesi və nəticəsi, fiziki vasitə və metodudur. Fiziki mədəniyyət fərdin həyati aspektlərinə ciddi təsir edir, genetik olaraq ötürülən və həyat prosesində inkişaf edən meyllər şəklində qəbul edilir. Fiziki mədəniyyət sosial ehtiyacları ödəyir, ünsiyyət, oyun, əyləncə və digər bu kimi formalarda şəxsi özünüifadə vasitəsi ilə ictimai cəhətdən böyük önəm kəsb edir.  Bu mədəniyyət forması şəxsdə zəruri bilik və bacarıqları inkişaf etdirir, fiziki qabiliyyətləri səmərəli şəkildə formalaşdırmağa imkan verir, sağlamlıq və performansı optimallaşdırır.

 

Fiziki mədəniyyət maddi, mənəvi dəyərlər formasında ifadə olunur. Birinciyə aşağıdakıları daxil etmək olar: idman qurğuları, inventar, xüsusi avadanlıq, idman ləvazimatları, tibbi dəstək. İkinciyə daxildir:  məlumat, sənət əsərləri, müxtəlif idman növləri, oyunlar, fiziki məşqlər, bədən tərbiyəsi və idman prosesində insanın davranışını tənzimləyən etik normalar və fəaliyyətlər.  Bədən tərbiyəsində fəaliyyətin nəticəsi fiziki hazırlıq dərəcəsinin davamlı yüksəlməsidir. Amma buna paralel olaraq mənəvi, estetik, intellektual inkişaf da qeydə alınır.

 

Deməli, bədən tərbiyəsi cəmiyyət və fərd üçün faydalı olan mədəni fəaliyyətin xüsusi növü, nəticəsii kimi qiymətləndirilməlidir. Burada o da nəzərə alınmalıdır ki, idman özü də bədən tərbiyəsinin mühüm bir hissəsidir.  Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, idman həm də  rəqabətli fəaliyyət və ona xüsusi hazırlıqdır.  Bu fonda idman insanın fiziki, əqli və əxlaqi keyfiyyətlərinin səfərbər edilməsini tələb edən bir vasitədir. Elə bunu nəzərə alan ölkələrdə, o cümlədən də Azərbaycanda dövlətlərin sosial siyasətində idmanla məşğul olmaq fiziki və mənəvi zərurət kimi təsbit olunur. Çünki, bu, nəticə etibarı ilə mənəvi cəhətdən güclü, sağlam bir cəmiyyət ərsəyə gətirir.

 

Hesab edilir ki, buna görə də cəmiyyət qruplarının hamısının arasında idmanın təbliği və inkişaf etdirilməsi, bədən tərbiyəsinin komponentlərinin diqqət mərkəzində yer alması hər bir dövlət üçün mühümdür. Məlumdur ki, bədən tərbiyəsi məktəbəqədər təhsil müəssisələrindən başlayaraq təhsil və tərbiyə sisteminə daxil olan insanların fiziki hazırlığının əsasını xarakterizə edir. O da sirr deyil ki, insanın fiziki inkişaf idarə olunur. Yəni, bədən tərbiyəsi, müxtəlif idman növləri, rasional qidalanma, iş və istirahət rejimi vasitəsilə  fiziki tərbiyə və inkişafı idarə etmək mümkündür.

 

Lakin bu idarəçilikdə effektiv nəticələr əldə edə bilmək üçün fiziki mədəniyyət daim xüsusi diqqət mərkəzində yer almalıdır. Çünki fiziki mədəniyyəti insanın sosial və mədəni həyatının əsasını təşkil edir. O, təhsil və təlimin inteqrasiya olunmuş nəticəsi kimi insanın öz sağlamlığına, fiziki imkan və qabiliyyətlərinə münasibətində, obrazında özünü göstərir. Bununla fiziki mədəniyyət şəxsiyyətin ayrılmaz bir keyfiyyəti, effektivliyin  ilkin şərti kimi çıxış edir. O, həyatın müxtəlif mərhələlərində fərqli dəyərlər arasından azad şəkildə  şüurlu seçim edən bir insanın öz müqəddəratını təyin etməsinə bilavasitə təsir göstərir, fərd üçün ən əhəmiyyətli olanları özündə ehtiva edir.

 

Bu zaman fərdin fiziki təkmilləşməsi prosesi də reallaşır. Fiziki təkmilləşmə dinamik bir proses olaraq fərdin bədən tərbiyəsi və idman vasitəsilə hərtərəfli inkişafına xidmət edir. Bu inkişafa multifunksional və sosial-psixoloji xüsusiyyətlər də daxil edilir. Məhz buna görə də fiziki mükəmməllik yalnız gələcək mütəxəssisin arzuolunan keyfiyyəti deyil, həm də onun şəxsiyyət strukturunun zəruri elementidir. Bunu dövlətlər mütləq mənada nəzərə alıb fiziki mədəniyyətin, idmanın inkişafını daim ön planda tutmalıdırlar.

 

Mirbağırağa Cəfərli
 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti