Geriyə doğru...

15:30 - 2 Dekabr 2021

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında millimizin baş məşqçisi Canni de Byazi ilə müqavilənin 2022-ci ilin oktyabr ayınadək uzadılması qərara alınıb. 

 

Sportal.az xəbər verir ki, qol.az saytı bu qərarla əlaqədar futbol adamlarının fikirlərini öyrənib. 

 

“Məşqçi məşqçini müzakirə yox, müdafiə etməlidir”

 

Yığmanın sabiq çalışdırıcısı Şahin Diniyev komandamızın DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 xal qazanmasına baxmayaraq, De Byazinin işinə qiymət vermək üçün qarşıdakı Millətlər Liqasını gözləməyin lazım olduğunu deyib: 

 

“Belə qərar veriləndən sonra nəsə söyləmək  mənasızdır. Atalar sözündə deyildiyi kimi, arxadan atılan daş topuğa dəyər. Yəqin ki, De Byazinin qalması qərarı uzun müzakirələrdən sonra verilib. Yəni, onun millidə gördüyü işə və bundan sonra edə biləcəklərinə baxılıb. İcraiyyə Komitəsinin 12 üzvü var. Yəqin ki, De Byazinin qalmasını istəyənlər çoxluq təşkil edib. Artıq bu qərarın düzgün olub-olmadığını millimizin gələcəkdəki nəticələri göstərəcək. Məşqçi məşqçini müzakirə yox, müdafiə etməlidir. Mən De Byaziyə uğurlar arzulayıram. Hamı bilir ki, Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində 1 xal toplaması çox aşağı nəticədir. Yəqin ki, millidə vacib işlər görüləcək. Gələn il də Millətlər Liqasının oyunları var. Bundan sonra Canni de Byazinin fəaliyyəti haqda nəsə demək olar. Düzdür, qazanılan nəticələr ürəkaçan deyil. Amma bizim üzərimizə düşən etik formada fikir bildirmək və uğurlar arzulamaqdır”.

 

“Problemin kökü məşqçi korpusunda yox, AFFA-nın rəhbər heyətindədir”

 

Əməkdar jurnalist Aydın Bağırov isə Canni de Byazi ilə müqavilənin müddətinin uzadılmasının millimizdəki problemi çözməyəcəyini, əksinə millinin daha da geriləyəcəyini düşünür. Onun fikrincə, bu qərar qəbul olunarkən AFFA futbol ictimaiyyətinin haqlı tələbini, millinin oyunçularının istəklərini nəzərə almayıb: “Fakt odur ki, Canni de Byazinin rəhbərliyi dönəmində millimiz irəli yox, daha da geriləyib. DÇ-2022-nin seçmə mərhələsində 10 oyundan cəmi 1 xal toplamışıq. 2020-ci il Millətlər Liqası yarışında isə 6 xal yığmışıq. Ümumən iki turnirdəki 16 rəsmi oyunda 1 qələbəmiz, 4 heç-heçəmiz və 11 məğlubiyyətimiz olub. Mən əminəm ki, təcrübəli yerli mütəxəssisin rəhbərliyi altında xal ehtiyatımız daha artıq ola bilərdi. Təəssüf ki, hamının bildiyi bu həqiqəti AFFA yenə görməzdən gəldi, millini yerli əvəzinə yenə xarici məşqçiyə tapşırdı. 

 

Mənə maraqlıdır, De Byazi ilə bağlı bugünkü qərardan əvvəl millinin heç olmasa, aparıcı bir neçə üzvünün rəyi nəzərə alınıbmı? Futbolçuların bu məşqçini istəyib-istəməməsini onlardan soruşublarmı? Məncə, xeyr. Nəyə görə futbolçuları qeyd edirəm? Ona görə ki, futbol ictimaiyyəti ilə yanaşı, hətta millinin üzvlərində belə Canni de Byazi münasibətdə inamsızlıq, hətta etiraz var.

 

Ümumiyyətlə, son 13 ilin təcrübəsi göstərir ki, AFFA rəhbərliyinin əcnəbi məşqçi siyasəti Azərbaycan futboluna xeyir yox, ziyan verib. Bu mənada, qarşıdakı Millətlər Liqası yarışı ilə bağlı da bədbin fikirdəyəm və məncə, uğursuzluq həmin yarışda da davam edəcək. Həm də millinin son yarışdakı nəticələri bir daha təsdiqlədi ki, bizdə problemin kökü daha dərinə gedir. Yəni problem millinin məşqçi korpusunda yox, AFFA-nın rəhbər heyətindədir və dəyişiklik də ilk növbədə orada olmalıdır. Son vaxtlar digər idman federasiyalardakı islahatlar AFFA-da və onun qərarverici orqanı olan İcraiyyə Komitəsində də aparılmalı, ora müasir futbol düşüncəsi olan mütəxəssislər gətirilməlidir. Qərarlar bir-iki nəfərin iradəsi, diqtəsi ilə deyil, kollegiyalar halda, müzakirələr nəticəsində qəbul olunmalıdır.

 

Əks halda bizim Avropa və dünya çempionatlarında, hətta Millətlər Liqası kimi yarışda istədiyimiz nəticələri qazanacağımızı düşünmək səhv olardı”.

Xəbər xətti