Medianın İnkişafı Agentliyinin layihəsi
III YAZI
Azərbaycanda istedadlı uşaqlar barədə danışarkən qərb regionu həmişə xüsusi vurğulanıb. İstər sovetlər dönəmində, istər müstəqillik illərində bu region futbolumuza istedadlar bəxş edib. Bu yazımızda Tovuz uşaq futbolunun durumuna toxunacağıq. Premyer Liqamızda indinin özündə də tovuzlu futbolçular çıxış etsə də, son illər bu bölgədə əvvəlkitək uşaq yetişmir.
Ötən ilin əvvəlində “Turan-Tovuz” klubunun nəzdində UEFA və FİFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş akademiyanın açılış mərasimi olub. Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb.
AKADEMİYA
• Akademiya otaqları: 11 otaq - 70 nəfərlik
• Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik
• 2 restoran, 2 mətbəx
• Fitnes, sauna, paltardəyişmə otağı
• Həkim otağı
• İclas otağı
• 11 nəfərlik ofis otağı
• Çamaşırxana
• Texniki və xidməti otaqlar
• 4 mini meydança (1 ədədi qapalı)
STADİON
• 4 paltardəyişmə otağı
• Mətbuat konfransı otağı
• Media iş otağı
• Tibb otağı
• Dopinq-nəzarət otağı
• Nümayəndə otağı
• Hakim otağı
• 2 Sky-Box
• Texniki otaqlar
TEXNİKİ
• Yarımstansiya
• Qazanxana
• Nasosxana
• Su rezervuarları
• Mərkəzi havalandırma
Akademiyanın açlışından bir qədər sonra buraya rəhbərlik edəcək mütəxəssis də bəlli olub. Tovuz futbolunun gələcəyi bacarıqlı mütəxəssis Adil Şükürova tapşırılıb. Bu bölgədə uşaq futbolunun durumu barədə dolğun informasiyaya malik olduğunu nəzərə alıb, Adil bəylə söhbətləşməyi qərara aldıq.
Adil müəllim, artıq bir ilə yaxındır ki, “Turan-Tovuz” akademiyasına rəhbərlik edirsiz. Arxada qalan müddəti necə dəyərləndirərdiz?
İlk növbədə təyinatımla bağlı onu deyim ki, əvvəlcə klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə görüşdük. Ona fəaliyyət planımı təqdim etdim, həmin plan ətrafında müzakirələr apardıq və razılığa gəldik. Daha sonra icraçı-direktor Nadir Nəbiyevlə görəcəyim işlərlə bağlı fikir mübadiləsi apardım, o da öz növbəsində məni həm infrastruktur, həm də akademiyada çalışan məşqçilərlə bağlı geniş məlumatlandırdı.Ötən ilin mart ayında Tovuza gəlib fəaliyyətə başladım. İlk işim məşqçilərlə görüşmək oldu. Onlarla hansı istiqamətdə, hansı prinsiplər əsasında çalışacağımız barədə söhbətlərim oldu. İlk iki ayda, yəni aprel və may aylarında ixtiyarımızda olan uşaqlarla çalışmalarımızı davam etdirdik. Artıq may ayının sonlarında seleksiya işlərinə başladıq. Apardığımız seleksiya deyərdim ki, ölkənin bütün regionlarını əhatə elədi və bu seçimlərdə müxtəlif yaş qrupları üzrə 80-ə yaxın uşaq iştirak etdi. Onlardan 18 nəfəri ilə müqavilə imzalayıb akademiyada yerləşdirdik. Təhsillərini Tovuzda davam etdirmələri üçün tələb olunan prosedurları da həyata keçirdik. Arxada qalan müddət ərzində ən çox diqqət yetirdiyim, mənim üçün ən həssas məqam akademiyada çalışan məşqçilərin maarifləndirilməsi oldu. Çünki komanda qurmaq, iş görmək istəyiriksə, məşqçilərin maariflənməsi əsas şərtdi. Bunun üçün də klub tərəfindən məşqçilərimiz davamlı olaraq AFFA-nın təşkil etdiyi lisenziya kurslarına göndərilir ki, bilik səviyyələrini artırsınlar.
Qarşıda hansı işləri görməyi planlaşdırmısız?
Hər bir akademiyada olduğu kimi, bizim də hədəfimiz klubun əsas komandası üçün oyunçu hazırlamaqdır. Misal üçün, 2005-ci il təvəllüdlü Sadiq Şəfiyev əsas komandamıza cəlb olunan, orada çıxış edən və ən çox qol vuran futbolçulardan biridir. Ondan başqa digər 2005-ci il təvəllüdlü futbolçular İsmayıl İsmaylov və İsmayıl Əmrahov da əsas komandanın baş məşqçisi Rövşən Babayev tərəfindən məşqlərə cəlb olunurlar və Divizionda oynamaq şansı qazanırlar. Onu da qeyd etməliyəm ki, “Turan-Tovuz”un baş məşqçisi Rövşən Babayevlə işbirliyimiz, anlaşmamız o səviyyədədir ki, hətta akademiyadan 2006-cı il təvəllüdlü uşaqlar da vaxtaşırı əsas komandanın məşqlərinə cəlb olunurlar, oradakı ab-havanı hiss etmək imkanı əldə edirlər. Artıq akademiyamızın iki futbolçusu U-17 milli komandamızın seçimlərində bəyəniliblər və onlara görə kluba rəsmi məktub ünvanlanıb. Bu uşaqlar davamlı olaraq milli komandamızda çıxış edəcəklər. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə həm əvəzedici, həm də U-19 komandaları yaratmalı olacağıq ki, bu da qarşımızda dayanan vəzifələr sırasında yer alacaq.
Tovuz elə bölgədir ki, orada həmişə istedadlı futbolçular üzü çıxıb, lakin son illər sanki bir durğunluq var...
Bəli, Tovuz zonasının Azərbaycan futbolunda məxsusi bir yeri var və həmişə də belə olub. AFFA-nın məhz Tovuzda belə akademiya inşa etdirməsi də elə ona hesablanıb ki, buradan yeni-yeni istedadlar üzə çıxsın. Çox qısa zamanda həm əsas komandamıza oyunçu verməyə başladıq, həm də aşağı yaş qrupları üzrə yığmalarımıza. Bu bir daha onu göstərir ki, belə akademiyanın mövcud olması sayəsində uşaqlar daha sürətlə inkişaf edəcəklər. İnanıram ki, bu gedişlə Tovuzda Azərbaycan futbolu üçün xeyli sayda uşaq yetişəcək.
Bu gün Premyer Liqamıza baxanda “Bakı” və “Qəbələ” klublarının akademiyasında yetişən oyunçuların çoxluq təşkil etdiyini görürük. Vaxtıkən siz də “Bakı”nın akademiyasında çalışmısız. Oradakı iş özəlliyi nədən ibarət idi?
“Bakı” klubu barəsində adam keçmiş zamanda danışmaq istəmir. Amma reallıq var və bu reallıqla barışmaq lazımdır. Bu klubda ilk növbədə olan fərq məşqçilərə verilən dəyər, məşqçi işinə olan münasibət idi. Məşqçilərin maariflənməsinə çox böyük əhəmiyyət verilirdi. Klubun prezidenti Hafiz Məmmədovun yerli məşqçiləri xarici klublara göndərmək, bizim orada praktika keçməyimizə dair planları var idi. Belə deyək də, bir futbolçu xarici kluba gedir və fərd olaraq praktika keçir. Lakin bir məşqçi gedib praktika keçəndən sonra bir komandaya öz təcrübəsini aşılaya bilir. Futbolumuzun inkişafını istəyiriksə, digər klublarımızda da məşqçilərə belə dəyər verilməlidir ki, onlar həm inkişaf eləsinlər, həm də mənim “Bakı” klubu barədə ağızdolu danışdığım kimi, onlar da öz klubları barədə sevgi ilə, istəklə danışsınlar. Bunlar çox vacib məsələlərdi.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi