Medianın İnkişafı Agentliyinin layihəsi
IX YAZI
Hal-hazırda Premyer Liqada çıxış edən yerli futbolçular arasında “Bakı” və “Qəbələ” klublarının akademiyalarının məzunları çoxluq təşkil edirlər. Zamanında bu 2 klubun uşaq futboluna yatırdığı vəsait, yaratdığı şəraitin nəticəsidir ki, komandalarımız indiki durumda Premyer Liqada oynatmağa yerli futbolçu tapırlar.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə növbəti həmsöhbətimiz uzun illər “Qəbələ” klubunun akademiyasında çalışmış təcrübəli mütəxəssis Hüseynqulu Quliyevdir.
“Qəbələ” 2005-ci ildə, klubun akademiyası isə 2008-ci ildə fəaliyyətə başlayıb. İlk vaxtlarda uşaq futbolunun inkişafı “Qalatasaray”dakı işiylə tanınan, Arda Turanı yetişdirmiş Ali Yavaşa tapşırılıb. Türkiyəli mütəxəssis bir neçə il sonra “Qəbələ”ni tərk etsə də, onunla ölkəmizə gələn Halim Fıçıcı uzun illər klub strukturunda çalışıb. Akademiyanın ən parlaq dövrü isə “Feyenoord”dan gələn Stenli Brandın rəhbərlik etdiyi vaxtlara təsadüf edib.
“Qəbələ” klubunun iş prinsipləri arasında əsas məqamlardan biri də akademiyada çalışan məşqçilərin maariflənməsinə önəm verilməsi olub. Hüseynqulu Quliyev də “Qəbələ”nin akademiyasında çalışanda bir çox Avropa klublarında təcrübə keçib:
“Şəxsən mən "Barselona", "Ayaks", "Yuventus", "Lion", "Şerif" kimi klubların akademiyalarında təcrübədə olmuşam. Adlarını çəkdiyim klubların bütün yaş qruplarının və B komandalarının məşqlərini izləmişəm. Yeri gəlmişkən, 2012-ci ildə "Barselona" ilə əməkdaşlıq etdikdən sonra “Qəbələ”nin akademiyasında da sistem və oyun tərzi onlara bənzər seçilib.
O vaxt məşqçilərin maariflənməsi yalnız müxtəlif klublarda təcrübə keçməklə məhdudlaşmırdı. Bizə həmçinin müxtəlif kurslarda iştirak etmək imkanı da yaradırdılar. Məsəslən, Donetskdə keçirilən konqresdə və Sankt-Peterburqda təşkil olunan "Ayaks"ın məşqçilərinin verdiyi seminarda iştirak etmişik. UEFA Gənclər Liqasında oynadığımız müddətdə iki dəfə məşqçilər forumunda da olmuşuq. Mənim İsveçrədə iştirak etdiyim forumda məruzəçi Fabio Kapello idi.
Beynəlxalq seminar və forumlarla yanaşı, akademiyanın öz daxilində də Stenli Brand və Halim Fıçıcı tərəfindən hər həftə mövzular üzrə təqdimatlar hazırlanırdı. “Qəbələ”nin akademiyasında müxtəlif yaş qruplarında və əvəzedici komandada baş məqşçi kimi çalışmışam. Məşçqi kimi püxtələşməyimdə “Qəbələ”nin əməyi çox olub”.
Akademiyada uşaqların yetişməsində əsas amillərdən biri də tez-tez xarici ölkələrdə olmaq, Avropanın digər klublarından olan həmyaşıdları ilə oynamaq imkanı qazanmaqdır ki, “Qəbələ” klubu bu istiqamətdə də xeyli işlər görüb. Uşaq komandalarını tez-tez xarici ölkələrdə turnirlərə yolllayan klub rəhbərliyi bununla yanaşı, ölkəmizdə ardıcıl 3 il “Qəbələ Cup” kimi səviyyəli turnir təşkil edib. Bu yarışa "Barselona", "Feyenoord", "Liverpul", "Portu", "Udineze", "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça", "Şaxtyor", "Rapid" və başqa tanınmış klublar dəvət olunub.
Digər önəmli məsələlərdən biri də, uşaqların inkişaf etməsi üçün yaradılan şəraitdi. Heç kimə sirr deyil ki, əksər klublarımızda uşaqlar qidalanmırlar, pis vəziyyətdə olan süni örtüklü meydançalarda məşq edirlər. Hüseynqulu Quliyev deyir ki, “Qəbələ”nin möhtəşəm infrastruktura malik olması da uşaqların inkişafında önəmli rol oynayıb:
“Akademiyanın futbolçularının təbii örtüklü meydançalardan istifadə etməsi böyük qazanc olub. "Qəbələ"də bu keyfiyyət həmişə qorunub saxlanıb. Hətta bir çox klublar və milli komandalar da təlim-məşq toplanışlarını Qəbələ şəhərində keçiriblər”.
Yatırılan vəsait, görülən işlər nəticəsiz qalmayıb. Yazının əvvəlində qeyd etdiyimiz kimi, hal-hazırda Premyer Liqada oynayan futbolçuların əksəriyyəti “Qəbələ” akademiyasından çıxanlardır:
"Qəbələ" akademiyasında yetişən futbolçular milli komandalar və müxtəlif klublarda çıxış edirlər. Amma tək futbolçular yox, elə akademiyada mənim kimi püxtələşmiş məşqçilər də hal-hazırda müxtəlif yığma komandalarda və Premyer Liqa klublarında işləyirlər. Son üç ildə "Qəbələ" klubunun fəaliyyətində axsama başlayıb ki, bu da Azərbaycan futbolunun axsamağı deməkdir. Buna baxmayaraq, həm əsas koamanda, həm də akademkiyanın komandaları çempionata rəng qatır. Ümid edirəm ki, "Qəbələ" klubunda hər şey yaxşılığa doğru gedəcək”.
Hüseynqulu Quliyev Azərbaycanda uşaq futbolunun necə inkişaf etdirilməsi ilə bağlı da fikirlərini bölüşüb:
“Uşaq futbolu barədə son vaxtlar çox danışılır. Bu məsələ klubların öhdəsinə düşür. Uşaq futboluna nəzarəti artırmalı, təbii meydançalar salınmalıdır. Hər yaş qrupunu heç olmasa, ildə bir dəfə beynəlxalq yarışlara aparmaq lazımdır. Bu, inkişafa təkan olar, həm də məşqçilərin beynəlxalq təcrübəsi artar. AFFA-da keçirilən UEFA kurslarının hesabına yetərincə bilikli məşqçilərimiz var. Bununla kifayətlənməməliyik. Klublar öz məşqçilərini Avropa klublarının akademiyalarına və seminarlara göndərməlidirlər ki, məşqçilər də orada gördüklərini öz komandalarında tətbiq etsinlər. Bu zaman futbolumuz inkişaf edə bilər. Necə ki, "Qəbələ" klubu bunu edirdi”.
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi