Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının rəhbər heyəti ilə görüş baş tutub.
Sportal.az xəbər verir ki, görüşdə komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının prezidenti Ayhan Yıldırım, prezidentin köməkçisi Eren Yıldırım və Komitə nümayəndələri iştirak edib.
Görüş zamanı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda görmə məhdudiyyətli idmançıların iştirakı ilə cari ilin noyabr ayında keçiriləcək paracüdo idman növü üzrə Dünya çempionatına hazırlıq barədə məlumat verilib.
Komitə prezidenti İ.Rəhimov ölkəmizdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və idman vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə işlərin davam etdirildiyini qeyd edib. O, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında 19 medaldan 12-nin məhz görmə məhdudiyyətli idmançılar tərəfindən qazanıldığını da vurğulayıb. Eyni zamanda İ.Rəhimov ölkəmizdə qolbol idman növünün inkişafı üçün görülmüş işlər haqqında məlumat verib və bildirib ki, yaxın gələcəkdə Azərbaycanda görmə məhdudiyyətli şəxslərdən ibarət futbol komandasının da yaradılması nəzərdə tutulub.
Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının prezidenti Ayhan Yıldırım öz növbəsində görüş üçün təşəkkürünü bildirib, Azərbaycanda Paralimpiya hərəkatının inkişafını, əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. O, Bakının paracüdo idman növü üzrə Dünya çempionatına ev sahibliyi etməsinin çox sevindirici hal olduğunu da qeyd edib.
Daha sonra 2018-ci ildə tərəflər arasında imzalanmış və 15 mart 2022-ci il tarixində yenilənmiş memorandumun imzalanma mərasimi baş tutmuşdur. 4 il müddətinə imzalanmış memorandum əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də görmə məhdudiyyətli idmançıların iştirak etdiyi idman növlərinin inkişaf etdirilməsi sahəsini əhatə edir.
saytlarin hazirlanmasi