Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Malta və Latviya ilə oyunlardan öncə mətbuat konfransı keçirildi.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə Azərbaycan dilində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, daha sonra jurnalistlərin suallarını cavablandırdı...
- Heyətdə yeni və köhnə-yeni futbolçular var. Gəlişinizdən sonra Dmitri Nazarov və Eddi İsrafilovu millidə görmək istəmədiyinizi demişdiz...
- Heç vaxt deməmişəm ki, onlar heç vaxt yığmada olmayacaq. Sadəcə, həmin zaman belə qərar vermişdik, gənclərə üstünlük verirdik. İndi başa düşürük ki, yaxşı nəticə üçün gənclərdən əlavə təcrübəli oyunçular da lazımdır. Ona görə Riçard, Eddi, Ramazanov, Ağayev kimi oyunçuları milliyə qaytardıq.
- Artıq uzun müddətdir, yığmanı çalışdırırsız. İndiyə qədər qarşınıza bir məqsəd qoymuş olmalıydız. Məsələn, gənclər artıq hazır olmalı idi. Ancaq indi yenə yaşlı oyunçuları çağırırsız. Məqsədimiz nədir, nəticəyəmi oynayırıq, keçmişəmi qayıdırıq?
- Bu baxımdan əmin olmadığım bir şey yoxdur. Gənclər heyətdə qalır. Onlara bəzi təcrübəli oyunçular əlavə olunur. İndi onlar bizə kömək edə bilərlər. Burda bir problem görmürəm.
- Şahruddin Məhəmmədəliyevlə Emil Balayev yoxdur. Əsas qapıçınız kim olacaq?
- Hələ onları özləri də bilmir. 3 yaxşı qapıçımız var. Biri gəncdir, Nicat "Qəbələ"də yaxşı mövsüm keçirir. Digər ikisinin təcrübəsi var. Oyun günləri hansının oynayacağına qərar verəcəyik.
- İndiyə qədər 3-lü mərkəz müdafiəçili sistem tətbiq edirdiz. Taktiki dəyişiklik edəcəksiz?
- Əlimizdə olan futoblçularla yeniliklər edə bilərik. Taktiki dəyişikliklər olacaq. Mənim üçün əsas məsələ nəticə qazanmaq, qalib gəlməkdir.
- Nicat Mehbalıyevi yaxşı mövsüm keçirdiyinə görə dəvət etdiyinizi dediz. Niyə digər yaxşı mövsüm keçirənlər yığmada deyil? Məsələn, Rövlan Muradov, Ülvi İsgəndərov. Eyni zamanda uğursuz mövsüm keçirən Höccət Haqverdi dəvət alıb, Murad Musayev kənarda qalıb...
- Rövlan Muradovu yaxşı qiymətləndirirəm. Ona bugünlərdə mesaj yazdım ki, səni yığmada görmək istəyirəm. Onu tanıyıram, bu dəfə daha az tanıdığım futbolçuları milliyə çağırdım. Viza ilə bağlı Murad Musayevi yığmaya cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı futbolçudur. İnanıram ki, daha çox inkişaf edəcək. Klubunda daim əsas heyətdə oynamır.
- Azər Əliyevin milliləşdirilməsi yubanır. Onu Millətlər Liqasında sərəncamınızda görmək istəyirsiz?
- Bu barədə başqa bir vaxt danışsaq, daha yaxşı olar. Maltada qalib gəlmək istəyirik. Əlimizdə olan futbolçulardan danışaq. İndi fikrimizi qarşıdakı oyunlara yönəltmişik.
- Rüstəm əhmədzadə əvvəl U-21 millisinə çağırıldı, sonra əsas yığmaya dəvət olundu...
- Əvvəlcə daha çox oynaması üçün U-21-ə göndərdik. Amma sonra gördük ki, 24 futbolçumuz var və Namiq Ələsgərov da bir qədər zədələnib. Bu səbəbdən onu əsas yığmaya cəlb etdik. Bu mövsüm az oynayır. Ancaq inanıram ki, Azərbaycan futbolunun gələcəyi ola bilər.
- Albaniya yığmasında uğuru ikinci mərhələnizdə qazandız. Azərbaycan millisində də məhz ikinci mərhələdə uğur gözləyirsiz? Yığmamız kiçik də olsa yaxşı nəticələrə işartı verir?
- Qələbə özü sənə gəlmir, onu axtarmalı, bunun üçün mübarizə aparmalısan. Xüsusən, çətin situasiyalarda. Bunu hamımız birgə etməliyik. İyunda 4 vacib oyunumuz var. Həmin zaman bizə 30-a yaxın futbolçu lazım olacaq. Əlimizdən gələni etməliyik. Ən əsası, komandada birlik olmamlıdır. Hamımız başa düşməliyik ki, bu bayraq üçün vuruşuruq, mübarizə aparırıq. Fərqi yoxdur, meydandasan, ya skamyada. Futbolçular bunu anlamalıdır.
- Millətlər Liqasında həlledici oyunlar mövsüm bitəndən sonra, futbolçuların istirahət etməli olduğu iyun ayında olacaq. Bu məqam komandaya necə təsir edəcək?
- Rəqiblərimiz də yorğun olacaq. Yaxşı olardı ki, zədəlilər olmasın. Balanslı qrupdur. Slovakiya bir qədər güclüdür. Qalan komandalarla başamaş oynaya bilərik. 3 gündən bir meydana çıxacağıq. Səfərlərimiz olacaq. Moldova-Qazaxıstan oyununu gözləyirik. (Futbolpress.az)