"Dövlət işini, qulluğunu qoyub futbol sahəsinə keçdiyim üçün yaxın ətrafım bir xeyli qınamışdı məni"

20:24 - 24 Mart 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

XII YAZI

 

Futbolun inkişaf etdiyi ölkələrdə bu idman növünün ciddi biznes sahəsinə çevrildiyinin və artıq xeyli müddətdir ki, burada böyük pulların dövr elədiyinin şahidi oluruq. Futbol artıq çoxdandır ki, yalnız top oyunu kimi qəbul olunmaq çərçivəsindən çıxıb. Lakin təbii ki, bu sahədə də ölkələrə görə dəyişən şərtlər var. Misal üçün, bizim kimi ölkələrdə futbol daha çox sosial layihə anlamı daşıyır. Yeganə istisna kimi “Qarabağ” klubunu göstərmək olar ki, 8 ildir mütəmadi olaraq avrokubokların qrup mərhələsinə düşməklə, büdcəsinin 40-50 faizini UEFA-dan əldə etdiyi gəlirlər hesabına formalaşdırır. Hətta bir dəfə, Çempionlar Liqasının qrupuna adladığı vaxt illik büdcəsindən də artıq gəlir əldə etməyi bacarmışdı.

 

Futbolun inkişaf eləməsi üçün bu sahənin sosial layihədən biznes modelə keçidini təmin etmək çox vacibdir. Lakin bu, elə də asan proses deyil. Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu məsələdə ölkələrə görə dəyişən şərtlər və reallıqlar var. Və bu tək bizdə belə deyil. Hətta Rusiya kimi böyük bir ölkənin klubları da dövlətin dəstəyi olmadan ayaqda qalmaqda çətinlik çəkərlər.

 

Ölkəmizdə “Qarabağ”la yanaşı, “Qəbələ” də iki dəfə ard-arda Avropa Liqasının qruplarında oynamış və nəticələrinə uyğun olaraq gəlir əldə etməyi bacaran klublarımızdan olmuşdu. Bugünki həmsöhbətimiz də həmin uğurlu illərdə “Qəbələ”də Media və Marketinq Departamentinin rəhbəri vəzifəsində çalışmış Səməd Nəsibovdur. Futbol sahəsində iş təcrübəsi olan marketinqçi kimi Səməd bəylə Azərbaycan futbolunda gəlir əldə etməyin mümkünlüyü barədə danışmaq qərarına gəldik.

 

 

İlk olaraq Səməd Nəsibovun futbola necə gəldiyini maraqlandıq: “Mən həm bakalavr, həm də magistratura təhsilimi müvafiq olaraq Türkiyənin Qazi və Ankara universitetlərində almışam. Bakalavr təhsilim Beynəlxalq Əlaqələr, magistratura təhsilim isə Avropa Birliyi-dir. Doktorantura təhsilimi müəyyən səbəblərdən yarımçıq qoymuşam. Qloballaşma və regionallaşma mövzusunda elmi işi müdafiə etmişəm. Bu sahədə elmi məqalələrim də mövcuddur.

 

Vətənə qayıtdıqdan sonra növbə ilə Azərbaycan Universitetində müəllim, Türkiyənin ölkəmizdəki səfirliyində mətbuat müşavirinin köməkçisi, ATİB-də (Azərbaycan və Türkiyə İş Adamları Birliyi) ictimaiyyətlə əlaqələr və iqtisadi tədqiqatlar üzrə koordinator. Qəbələyə keçməzdən əvvəl son iş yerim isə Diasporla İş Üzrə Dövlət Komitəsi olub”.

 

Dövlət qurumlarında çalışan birinin futbol klubuna keçidi maraq doğurmaya bilməz: “Bir dostum vasitəsi ilə “Qəbələ”də ingiltərəli yeni icraçı direktorun işə başladığını və klubda xeyli yeniliklərin gözlənildiyini öyrəndim. Bu yeniliklər çərçivəsində  klub “Marketinq menecer” vakansiyasını elan etmişdi. Heç düşünmədən müraciət etdim. Yeni icraçı direktorla (Alastair Soverimutto) ilk görüşümüzdən sonra məndən marketinq strategiyası hazırlamağımı istədi. Hazırladığım materialı bəyəndiyi üçün mənim namizədliyimi klub rəhbərliyinə təqdim etdi. Daha sonra isə Fariz müəllimlə görüşdük və beləcə 2009-cu ilin 1 dekabrında “Qəbələ”də işə başladım. Dövlət işini, qulluğunu qoyub futbol sahəsinə keçdiyim üçün yaxın ətrafım bir xeyli qınamışdı məni”.  

 

10 il müddətində klub strukturunda çalışan Səməd Nəsibov bu sahədə adından söz etdirməyi bacaran adamlardan olub. Özü “Qəbələ” karyerası barədə belə danışır: 

 

“Futbola marağım, sevgim hər zaman çox olub. 90-cı illərdə Türkiyədə təhsil aldığım vaxtlarda oradakı futbol atmosferinin yeni müstəqil olmuş ölkəmizdə də olmasını çox arzu edirdim. “Qəbələ”də çalışmaq fürsəti qazandıqda nəhayət bu istiqamətdə nəsə etmək fürsəti qazanmışdım. “Qəbələ”də 2009- cu ilin dekabrında 2019-cu ilin avqustuna qədər Media və Marketinq Departamentinin rəhbəri vəzifəsində  çalışdım. Çalışdığım müddətdə maraqlı layihələr etdik. “Məktəbli bileti” layihəsi, fanşopun qurulması, 2010- cu ildə klubun sosial media hesablarının yaradılması və daha sonra səhifələrin rəsmiləşdirilməsi, “Hyundai” və “Sarar” ilə sponsorluq müqavilələrinin imzalanmasını qeyd etmək istəyirəm. Bir də “Gabala Cup” layihəmiz vardı. Həqiqətən başa gətirmək üçün çox əziyyət çəkmişdik. Heç unutmadığım tədbir isə Fariz Məmmədovun Mattias Pelk ilə Qəbələdəki döyüşü idi. Çox az vaxtda hazırlaşmışdıq. Döyüşü “Eurosport” kanalı canlı yayımlayırdı. Yəni, hər hansı xırda bir səhvə belə yol verməmək vacib idi. Çox böyük stress içində idim. Amma şükürlər olsun ki, hər şey yüksək səviyyədə alındı.

 

 

“Qəbələ”də işlədiyim müddətdə ilk olaraq “Şeffild Yunayted”də 10 günlük təcrübə keçmişdim. Futbolun digər üzü- marketinq sahəsinin- ayrı bir dünya olduğunu orada anladım. Daha sonra AFFA-nın təşkil etdiyi “Futbol İdarəçiliyi və Marketinqi”  təlimləri çərçivəsində Liverpul Universitetinin müəllimlərindən təlim aldım. Bu təlimlər çərçivəsində “Çelsi” və İngiltərənin bir neçə aşağı liqa klubunda təcrübə keçdim. “Uembli” stadionunun idarəçiliyi ilə yaxından tanış oldum. Bundan başqa Ukraynanın “Şaxtyor” klubunun iş prinsiplərini öyrəndim. Daha sonra iki klub arasında əməkdaşlıq protokolu da imzalanmışdı. Bundan əlavə, “Qəbələ” ilə Avroliqa oyunları çərçivəsində getdiyimiz hər yerdən nəsə öyrənməyə çalışırdım.

 

Bu klubların hər birində “fokus” azarkeşədir. Bu baxımdan futbolun kütləviləşdirilməsi istiqamətində gördükləri işləri xüsusi qeyd etmək istəyirəm. Bu iş uzunmüddətli və səbr tələb edir. Bu klublar əsasən gənclərə, hətta uşaqlara yönəlik fəaliyyətə çox önəm verirlər. Cəmiyyətin müxtəlif zümrələrinə yönəlik fəaliyyətlər fasiləsiz davam etdirilir. Bu israrlı fəaliyyət mütləq kluba azarkeş qazandırır.

 

Düşünürəm ki, bizim nümunə alacağımız klublar “Çelsi” kimi böyük klublar deyil, kiçik klublardır. Bu klubların həyatda qalma strategiyası bizim üçün nümunə ola bilər. Bu strategiya isə çox sadədir : “Azarkeş sənə gəlmirsə, sən azarkeşə get”. Bu mənada azarkeşlə təmas, daha səmimi münasibət qurmaq əsas məqamdır. Bu misalı çəkməyi çox sevirəm: böyük klubları böyük supermarketlər kimi təsəvvür edin. Ancaq onlar nə qədər çox olsa da, məhəlləmizdəki kiçik mağazalar da işimizə yaraya bilirlər. Çünki bu mağazalarda hər gün sizinlə hal-əhval tutan, salamlaşan tanıdığınız insanlar var”.

 

Azərbaycanda futbolun gəlirli sahəyə çevrilməyinə gəlincə isə Səməd bəy bunları dedi:

 

”Qəbələ”də görmək istədiyim işlər çox idi. Ancaq qeyd etdiyiniz kimi, reallıqlar bəzən məqsədlərinizi, arzularınızı üstələyir. Bu baxımdan iki məqamı vurğulamaq istəyirəm. Birincisi, futbolda marketinq  baxımından fərq yaradacaq, nəticə üçün labüd olan strateji yanaşma bizdə  yoxdur. Bu işdə bütün klublar, müvafiq dövlət qurumlarının sinxron fəaliyyəti lazımdır, məncə. İkincisi isə hər  fəaliyyətin klubun aldığı nəticələrə indekslənməsidir. Əsasən uğursuz nəticələr alan klubun bu sahədə nəsə iş görmək yadına belə düşmür. Halbuki, ardıcıllığı qorumadan bu sahədə nəticə əldə etmək çox çətindir. Məsələn, “Qəbələ”də  onlayn fanşop qurmuşdum. Sayt vasitəsi ilə satış edirdik. Müştəri bazası yaradılmışdı. Bütün bunlar kluba əlavə yük gətirmədən təşkil edilmişdi. Bir müddət sonra bu fəaliyyətin təkmilləşməsinə ehtiyac yarandı.  Ancaq o dövrdə komanda uğursuz nəticələr aldığı üçün klub daxilində bu məsələni hec cür gündəmə gətirə bilmədik. Klub Televiziyası da bunun kimi.

 

Bizim böyük klublarla rəqabət etmək gücümüz yoxdur, onları nümunə almaq kimi də səhv etməməliyik. Bizdə də bu sahədə işlər görmək mümkündür. Ancaq strateji yanaşma, səbirli və israrlı fəaliyyət lazımdır. Ölkəmizdə futbolu məhsul kimi satın almaq istəyən kifayət qədər  böyük kütlə var. Məsələ bu kütlənin ala biləcəyi məhsulu yaratmaqdır”.

 

 

Elçin Əlixan

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

 

 

Xəbər xətti