“Barselona”nın məşqçisi Bakıya gəlib, danışıq aparıb, yekunda...

23:06 - 26 Mart 2022

Şimali Makedoniyanın səfərdə İtaliya üzərində qazandığı möhtəşəm qələbə dünyaya səs salıb.


İndi azərbaycanlı futbolsevərlər məlum zəfərə baxıb, dərindən “ah” çəkir.

 

Halbuki Azərbaycanda illərdir futbola xərclənən milyonların qarşılığında makedonların uğuru bizdə çoxdan gerçəkləşməliydi.

 

Ölkəmizə dəvət olunan əcnəbi mütəxəssislərin sayəsində - əlaqələndiricilər, klublarda idman direktorları, yığmalardakı baş məşqçilər – yığmamız indi yox, illər öncə dünya və Avropa çempionatlarına ayaq açmalıydı.

 

Bu yerdə maraqlı faktın üstünü açmağın vaxtıdır.

 

2018-ci ildə Qurban Qurbanovun əsas milliyə, Rəşad Sadıqovunsa U-21-ə rəhbərlik etdiyi dönəmdə sonuncu AFFA rəhbərliyinə ispan mütəxəssisin xidmətini təklif edib.

 

Söhbət uzun illər “Barselona”nın akademiyasında çalışmış, “Vitess”, “Bröndbü”, “Borussiya” (Dortmund) kimi komandalarda köməkçi-məşqçi kimi işləmiş Albert Kapelyasdan gedir.

 

İspaniya nəhəngində futbolun inkişafı üzrə böyük təcrübəyə malik olan mütəxəssis “Qarabağ”da görülən işləri bəyəndiyindən və Azərbaycandakı şərait barədə məlumatlı olduğundan, aşağı yaş qruplarından ibarət millilərdə sistemin qurulması yönündə tər axıtmağa razılıq verib.

 

Azərbaycana gəlib, şəraitlə yerində tanış olub, bəzi oyunları izləyib, AFFA rəsmiləri ilə görüşüb və cavab gözləmək niyyəti ilə vətəninə qayıdıb.


Lakin AFFA rəhbərliyi Kapelyasın xidmətində maraqlı olmayıb. Danışıqlar yarımçıq dayandırılıb, ardınca Qurban Qurbanovla Rəşad Sadıqov millilərdən uzaqlaşdırılıb.

 

Kapelyas kimi təcrübəli və “Barselona” təcrübəsi olan mütəxəssisin çalışa biləcəyi vəzifəni Azərbaycanda uzun illər Bernard Lippert tutub, indi həmin yolu Miloş Velebit davam etdirir.

 

Sıradan Lippert və ən yaxşı halda ölkəsində tanınan Velebit.

 

İndi isə Şimali Makedoniyanın uğuruna baxıb, xəyallara dalmağın vaxtıdır.

 

Sportinfo.az

Xəbər xətti