De Byazidən qəribə seçim: milliləşdirilmiş futbolçunu 7 il sonra yığmaya qaytardı

17:59 - 21 May 2022

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin qarşıdakı Millətlər Liqası oyunları üçün qapıçı seçimləri bəlli olub.

Sportal.az Futbolpress.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis 3 qolkiperə dəvət göndərib. Bunlardan biri yığmanın və “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevdir. İkinci dəvət Qazaxıstanın “Turan” klubunda çıxış edən Emil Balayevə göndərilib.

De Byazinin 3-cü seçimi maraq doğurur. O, “Sumqayıt”ın qapıçısı Andrey Popoviçi 7 il sonra milliyə qaytarıb. Bir müddət əvvəl “gənclik şəhəri” təmsilçisinə qoşulan və meydana çıxdığı oyunlarda inamsız təsir bağışlayan, buna görə tənqidlərə məruz qalan qolkiperin yığmaya çağırılması qəribədir.

Popoviç “Sumqayıt”da 8 matçda 17 qol buraxıb. O, sonuncu dəfə 2015-ci ildə milliyə dəvət olunmuşdu.

Yığmaya namizəd qapıçılardan olan Nicat Mehbalıyev bu dəfə U-21-ə dəvət olunub. Zədədən əziyyət çəkən Mehdi Cənnətov və son oyunlarda yığmada əsas qapıçı olan Səlahət Ağayev isə ümumiyyətlə millidən kənar qalıb.

Azərbaycan yığması Millətlər Liqasında iyunun 3-də Qazaxıstan, bundan 3 gün sonra Belarusun qonağı olacaq. Komandamız iyunun 10-da Slovakiyanı, 13-də Belarusu qəbul edəcək.

Xəbər xətti