"Barselona"nın futbolçusu Ansu Fati Kataloniya klubunu tərk edə bilər.
Sportal.az xəbər verir ki, futbolçunun atası "Metro"ya açıqlamasında Kataloniya klubunun rəhbərliyini tənqid edib.
O, oğlunun oyun praktikasının azlığına görə mümkün gedişinə eyham vurub.
Sosial şəbəkədə “Bavariya”ya abunə olan Bori Fati məsələ haqda belə danışıb:
"Ansu "Barselona"dan ayrılmaq istəmir, amma mən onun uğur qazanmasını istəyirəm. Mən stadiona bir daha getməyəcəyəm, klub rəhbərliyinə qarşı əsəbiyəm. Bir aydan sonra mütləq Xorxe Mendeşlə görüşəcəyik. Ansunun bu qədər az oynaması məni narahat edir. Söhbət La Masiyadan olan ispaniyalı futbolçudan gedir. O, daha çoxuna layiqdir. Xavinin Ansuya şans verməməsinin səbəblərini bilmirəm. Onun öz səbəbləri olmalıdır. Xavi həmişə Ansunun kumiri olub. Bir ata kimi çox əsəbiləşirəm. "Barselona"nın idman direktoru Mateu Alemani mənə Ansunun klubun bir parçası olduğunu söylədi. Mən bir ata kimi Ansuya dedim ki, vəziyyət dəyişməsə, getməyin daha yaxşıdır. Lakin Ansu bu məsələdə mənimlə razılaşmadığını bildirdi, qalmaq istəyir. Məndən asılı olsaydı, sabah "Barselona"nı tərk edərdim. Ancaq Ansu mənə səhv etdiyimi deyir".
saytlarin hazirlanmasi