"Barselona"nın futbolçusu: "İstirahətdən qayıtdıqdan sonra qərarımı verəcəm"

15:14 - 3 May 2023

"Barselona"nın yarımmüdafiəçisi və kapitanı Serxio Buskets İspaniya Primerosunun 33-cü turunda "Osasuna" ilə oyunda (1:0) qazanılan qələbəni şərh edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Serxio Pamplona təmsilçisinə qalib gəldikləri görüşdə komandasının çıxışını dəyərləndirib: 

"Birinci hissədə yaxşı çıxış etmədik. Onlar müdafiəyə çəkildilər və bu, bizi təəccübləndirdi. Kifayət qədər effektli olmasaq da, qol yenə də sonda vuruldu. Həlledici məqam? Çox yaxşı mövsüm keçirdik. Biz güclü komanda idik və çox oyunu qol buraxmadan keçirdik. Bir neçə matçda bizim üçün çətin olsa da, buna layiq idik. Üstünlük əldə etdikdə, risklərdən qaçmaq daha yaxşıdır və biz bu işdə çox yaxşıyıq. Komanda mənə böyük dəstək verdi. Futbolçularımız ikili mübarizələrdə qalib gəlirdilər və qapıçımızın performansını da unutmaq olmaz".

Təcrübəli futbolçu "Barselona"dakı gələcəyi barədə isə bu cür danışıb: "Bu, mənə az-çox aydındır. İndi bir neçə gün istirahətimiz var. Qayıtdıqdan sonra qərarımı verəcəm. Qayıdandan sonra baş məşqçi ilə danışacam və qərarım barədə onu məlumatlandıracam".

Busketsin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Xəbər xətti