İspaniya millisinin müdafiəçisi həbs oluna bilər: Mərc oyunlarına görə

19:23 - 14 Yanvar 2025

"Sevilya"nın futbolçusu Kike Salas İspaniya polisi tərəfindən saxlanılıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi qeyri-qanuni mərc oyunlarında iştirak etməkdə ittiham olunur. Bu barədə "El Confidencial" məlumat yayıb.

Salasın bəzi oyunlarda bilərəkdən sarı vərəqə aldığı bildirilir. İspan futbolçu ilə birlikdə onun bir neçə dostu da saxlanılıb. Müdafiəçi dostlarının pul qazanması üçün qəsdən sarı vərəqə almaqda ittiham olunur.

Dələduzluq ittihamı ilə futbolçuya və yaxınlarına cinayət işi açılıb. Futbolçu ifadə verdikdən sonra komanda ilə məşqə çıxıb.

Kike Salas ötən mövsüm La Liqanın 30-38 turları arasında keçirilən 9 oyunda, əksəriyyəti son dəqiqələrdə olmaqla 7 sarı vərəqə görüb. Gənc futbolçu həmin dönəmdə İspaniya çempionatında ən çox sarı vərəqə alan oyunçu olub. İspaniya U-21 millisinin üzvünün cəzası sübuta yetirilsə, altı aydan üç ilədək həbs cəzası ala bilər.

Xəbər xətti