"İnter"dən qovulan alman mütəxəssis "Bakı"da da aranı qarışdırdı ÖZƏL

11:35 - 8 Sentyabr 2014

Elxan Məmmədovun "ənənəvi iş metodikası"

 

Azərbaycanda ən yaxşı Futbol Akademiyalarından birinə sahib olan “Bakı” bunun bəhrəsini görməkdədir. Hafiz Məmmədovun klubu son illərdə ölkə futboluna Rəhman Hacıyev, Nurlan Novruzov, Şəhriyar Əliyev, Namiq Ələsgərov, Aqil Məmmədov, Vadim Abdullayev, Vüqar Mustafayev və digər istedadlı futbolçuları bəxş edib.

 

Bütün bunlar Yüksel Kepoğlunun rəhbərlik etdiyi akademiyada gedən doğru işlər sayəsində gerçəkləşib. Lakin “Bakı” rəhbərliyi gözlənilmədən akademiyada çalışan bütün türk mütəxəssislərlə yollarını ayırmaq qərarına gəlib. Bunun səbəblərini araşdırdıq və maraqlı məlumat əldə etdik.

 

Türk mütəxəssislərin “Bakı”dan uzaqlaşdırılmasına səbəb klubun yeni idman direktoru Torsten Spittler olub. Azərbaycan futbolu adına təəssüfləndirici məqam odur ki, növbəti dəfə Elxan Məmmədovun “ənənəvi iş metodikası” həyata keçirilib.

 

Deməli, Spittler “İnter”dən qovulandan sonra Elxan Məmmədov və Bernhard Lippert ona yeni iş yeri tapmaq haqqında düşünüblər. Ağıla gələn ən ideal variant “Bakı” olub. Son zamanlar yaşanan maliyyə sıxıntılarından sonra “Bakı”ya istədiyini diqtə eləyən Məmmədov bir qədər uzaqgörənlik etmək qərarına gəlib. Və klub rəhbərliyinə xahiş edib ki, alman mütəxəssis sadəcə “Bakı”da çalışan məşqçilərə seminarlar keçsin, futbolun nəzəriyyəsini öyrətsin. Lakin bir müddət keçəndən sonra Elxan Məmmədovun əsl niyyəti üzə çıxıb. Spittler iddia qaldırıb ki, onun fəaliyyəti yalnız dərs deməklə deyil, bütün işlərə nəzarət etməkdən ibarət olmalıdır. Bu məqamda isə təbii ki, Elxan Məmmədov “Bakı” rəhbərliyinin yanında olan nüfuzundan istifadə eləyib və istədiyinə nail olub.

 

Alman mütəxəssisə verilən səlahiyyət türk mütəxəssislərin sonunu gətirib.

 

Maraqlısı odur ki, “Bakı”nın akademiyasında çalışanlar ölkə futboluna onlarla istedad bəxş ediblər. Bəs, Elxan Məmmədovun almanları bu illər ərzində kimi yetişdiriblər? 

Xəbər xətti