3 oyuna 4 qol vuran futbolçu Qurban Qurbanovdan dəvət aldı QEYD

12:50 - 8 Sentyabr 2014

Əvəzedici heyətdən 5 futbolçu çağrıldı

 

“Qarabağ”ın əvəzedicilərdən ibarət komandası bu mövsüm çox uğurlu çıxış eləyir. Makedoniyalı mütəxəssis Borçe Xristovun gəlişindən sonra daha çox gənclərə üstünlük verən komandanın oyununda da irəliləyiş göz qabağındadır.  

 

Ağdam klubunun əvəzediciləri bu mövsüm “Sumqayıt”, “İnter” və “Bakı” ilə qarşılaşıb. Hər üç oyunda qələbə qazanan “Qarabağ” turnir cədvəlinin vahid lideridir.

 

Gənclərlə çalışmağı xoşlayan Qurban Qurbanov da zaman-zaman əvəzedici heyətdən gəncləri məşqlərə dəvət eləyir. Əsasən də komandanın əksər üzvləri milli komandaların heyətində olanda Qurban Qurbanovun gənclərlə işləmək üçün daha münasib imkanı olur.

 

AVRO-2016 çərçivəsində oyunların keçirildiyi bir məqamda Qurbanov əvəzedici heyətdən 5 futbolçuya dəvət göndərib.

 

Onların arasında ən diqqətçəkəni əvəzedici heyətdə 3 oyuna 4 qol vuran Fuad Məmmədzadədir. Borçe Xristov bu futbolçunu meydana hücumçu kimi buraxsa da, onun qarşısına qoyulan tələblər başqadır. Məmmədzadə daha çox geriyə düşərək topu qəbul etməli və vəziyyətə uyğun olaraq hətta pleymeyker keyfiyyətlərini nümayiş etdirməlidir. Borçe Xristov onu gələcəkdə əsas komandaya xeyir verə biləcək futbolçular siyahısında görür.

 

Elçin Rəhimli, Elnur Mustafayev və Seymur Abdullayev üçlüyü orta sahədə çıxış edirlər. Hər üçü topla yaxşı rəftar etmək bacarığına malikdirlər.

 

Qurban Qurbanovdan dəvət alan daha bir futbolçu isə Elçin İsmayılovdur. O, cinah müdafiəçisidir. 17 yaşlı futbolçu yaxşı hazırlığı, mübarizliyi, etibarlılığı ilə seçilir. 

 

Emin ABBASOV

Xəbər xətti