Hakim olsaydım... YAZI

17:20 - 9 Sentyabr 2014

Hamısı edam olunsun!!!
 
Gəlin razılaşaq ki, "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilən oyunlar Azərbaycan futbolunun gözüdü. Elə komandaların stadiona axışan azarkeşləri də bu gözün bəbəyidi. Ancaq indi bəzi yuxarıda kreslosunu rahatlayanlar Azərbaycan futbolunun göz bəbəyini elə çıxardıblar ki, nə göz görür, nə də ürək bu futbolu sevmək istəmir. İntizam Komitəsinə sədrlik edən Tofiq  Fətullayev qərar qəbul edərkən qanunlardan kənara çıxmadığını deyir. Hər şey qanunlar çərçivəsində həll olunur, bu yaxşıdı. Ancaq kimsə mənə izah edə bilər ki, hansı qanunda qeyri-müəyyən vaxt göstərilib?
 
Qanun demişkən, ürəyimdən lap hakim olmaq keçdi. Bir anlıq özümü hakim, "qanunlar çərçivəsində" davrananları isə təqsirləndirilən şəxs qismində gördüm.
 
Əgər mən hakim olsaydım, Azərbaycan adı altında Azərbaycanın "A"sını qanmayan əcnəbiləri milliyə dürtüşdürən Elxan Məmmədovu edam edərdim...
 
Əgər mən hakim olsaydım, kukla olmağı qəbul edib, bir neçə il bundan əvvəl xalqımızın milli sərvəti olan aftafadan üz döndərən, vətəninə dönmək istəməyən Berti Foqtsu edam edərdim...
 
Əgər mən hakim olsaydım, qanunlardan kənara çıxmayan, qəbul etdiyi qərarın nə vaxta qədər qüvvədə qalacağını bilməyən, çempionatımızın böyük maraqla gözlənilən oyununun azarkeşsiz keçməsində "əvəzsiz" rolu olan Tofiq Fətuallayevi edam edərdim...
 
Əgər mən hakim olsaydım, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində mətbuat və ictimaiyyətlə əlaqələri pozan Mikayıl Nərimanoğlunu edam edərdim...
 
Əgər mən hakim olsaydım, yetişdirdiyi hakimlərin kal olduğunu görə-görə onların tərifini dağ başına qaldıran Xaqani Məmmədovu edam edərdim...
 
Əgər mən hakim olsaydım, AFFA-nın inzibati binasının yerində böyük bir ticarət mərkəzinin tikilməyinə qərar verərdim və "Azərbaycanda futbol inkişaf edir" deyənləri edam edərdim...
 
Bir anlıq özümü hakim təsəvvür etdim. Yuxarıda adları çəkilən təqsirləndirilən şəxslərin günahı sübuta yetirilmişdi və hamısı edam olunsun!!!
 
Rövşən Əhlimanoğlu/AUT.AZ

Xəbər xətti