Reynaldo: "Hücum xəttində ciddi problem görmürəm, amma.."

14:30 - 10 Sentyabr 2014

Brazilyalı oyunçudan açıqlama

 

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bolqarıstanla üz-üzə gələn yığmamız matçın sonuna yaxın qapısından ikinci topu buraxaraq, meydanı xalsız tərk etdi. Oyunu izləyənlər arasında olan “Qarabağ”ın hücumçusu Reynaldo fasilədən sonra matçla bağlı fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, braziliyalı forvard apasport.az saytına açıqlamasında yığmamızın oyuna daha yaxşı başladığını bildirib: “Azərbaycan yığması oyuna daha yaxşı başladı. Qol vurmaq üçün iki şansınız oldu. Həmin fürsətləri dəyərləndirmək olardı. Təəssüf ki, əks-hücum zamanı yol verilən səhv qolla nəticələndi”.

 

 

Yığmamızın hücum xətti haqda danışan braziliyalı legioner futbolçuların heç də zəif təsir bağışlamadığını açıqlayıb: “İzlədiyim qədəri ilə hücum xəttində ciddi problem görmürəm. Sadəcə, yaratdığınız və əldə etdiyiniz şansları qola çevirmək lazımdır. Vacib olan budur”.

 

Son günlərdə gündəmdən düşməyən Reynaldo milliləşdirilməsinə də münasibət bildirib. O, AFFA-nın baş katibi Elxan Məmmədovla bu barədə söhbət etdiyini, bundan sonrakı mərhələnin assosiasiyadan asılı olduğunu deyib: “Baş katiblə görüşümüz oldu. Hər iki tərəfə qarşılıqlı razılığını bildirdi. Bundan sonrası isə AFFA-nın görəcəyi işlərdir”.

 

Braziliyalı yığmamızda oynamağı özünün də istədiyini, bu məsələ ilə bağlı klubdan heç bir göstəriş almadığını dilə gətirib: “Azərbaycan yığmasında oynamağı özüm istəyirəm. Çünki bu ölkəni özüm üçün ikinci vətən hesab edirəm. Bu da qərarımda həlledici rol oynayır. Klubdan bununla bağlı hansısa təzyiq hiss etmirəm”.

Xəbər xətti