"Foqts olmasaydı, Azərbaycan futbolu çox qabağa gedərdi"
Milli komandamızın sabiq üzvü Samir Musayev Qol.Az saytına müsahibə verib. Hazırda "Qarabağ"ın U-17 komandasını çalışdıran veteran futbolçu yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Bolqarıstana uduzduğu oyun (1:2) haqda sualları cavablandırırb.
Sportal.az həmin müsahibəni təqdim edir
- Millimizin sabiq futbolçusu kimi komandamızın Bolqarıstanla oyunu haqda fikirlərinizi öyrənmək istərdik.
- Hamı gürdü ki, 7-8 müdafiəçi ilə oynasaq da, qapımızda iki qol gördük. Millimizin son oyunları heç kimi qane edə bilməz. Bolqarıstanla dünənki qarşılaşma isə göstərdi ki, biz yerli futbolçulara üstünlük verməliyik. Hardan oldu futbolçu gətirməklə heç nə eləmək olmaz.
- Komandamızın dünənki heyəti haqda nə deyə bilərsiniz?
- Çox zəif heyət idi. Heç kimin ağlına gəlməzdi ki, Foqts həmin heyətə şans verər. Bu,futbolçularla qabağa getmək olmaz. Yaxşı futbolçularımız var ki, onlar milliyə dəvət almamışdılar. Oyunçu seçimi düzgün olsaydı, Bolqarıstana qalib gələrdik. Çünki rəqibimiz o qədər də güclü deyildi ki, qarşısında aciz qalaq. Foqts düzgün heyət qurmur.
- Məğlubiyyətin səbəbkarı kimi təkcə Berti Foqtsu göstərmək olar?
- Əlbəttə, komandanın göstərdiyi nəticəyə Foqts cavabdehdir. Bütün bu uğursuzluqların günahı ondadır. Foqts 6 ildir ki, millimizi çalışdırır. O, bu illər ərzində komandamıza yeni heç bir şey gətirməyib. Bu 6 ildə Azərbaycan millisində məşqçi işi görünmədi. Halbuki biz xeyli sayda cavan futbolçu qazana bilərdik. Avropa komandalarına baxın, heyətlərində bir neçə 21 yaşlı futbolçu olur. Bizdə isə bunu görmək mümkün deyil. Foqts olmasaydı, Azərbaycan futbolu çox qabağa gedərdi.
- Düşünürsünüz ki, yerli məşqçilərlə daha artığına nail olmaq olar?
- Əlbəttə, bizim yığmamızı ancaq yerli məşqçilər idarə edə bilər. Foqtsu bundan sonra 60 il də gözləsək, bir şey çıxmayacaq. İnannmıram ki, onun komandasında məşqçi işi görünsün.
- Yığmamızın qrupdan çıxmaq şansını necə görürsünüz?
- Foqts öz vəzifəsində qalsa, heç bir şansdan danışa bilməyəcəyik. İnanmıram ki, komandamız sonuncu pillədən yuxarı qalxsın.
- Bəzi mütəxəssislərimiz qrupda üçüncü yeri tutmaq şansımızın olduğunu söyləyir.
- Xeyr, üçüncü yer üçün heç bir şansımız yoxdur. Bu haqda heç danışmağa dəyməz. Belə oyunla, belə məşqçi ilə yalnız qrupda sonuncu yerlərdən birini tuta bilərik. Onsuz da neçə ildir ki, millimiz ancaq məğlub olur. Heç olmasa, bu illər ərzində 19 və 21 yaşlı futbolçularımıza millidə şans verilsəydi, nəsə qazanardıq, bu gün nəyəsə ümid edə bilərdik. Amma Foqts 6 il əvvəl də eyni futbolçuları milliyə dəvət edirdi, indi də.